Yay məktəbinin iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzində oldular
İyulun 16-da Təhsil Nazirliyinin dəstəyi və Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə “Odlar Yurdu Azərbaycana səyahət” Tələbə yay məktəbinin iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzində oldular.
Qonaqlara Heydər Əliyev Mərkəzi barədə ətraflı məlumat verilərək bildirildi ki, mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.
Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu mərkəz artıq dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq tələbələrin marağına səbəb oldu. Onlar öncə 1969-cu ildən 2003-cü ilədək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdılar. Ümummilli liderin həyat yolu, Ulu öndər barədə maraqlı faktlar, foto və videomateriallarla tanış oldular.
İştirakçılar Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrıldılar .
Mətbuat xidməti