Yay məktəbinin iştirakçıları Quba rayonuna səfər etdilər
Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində təşkil edilən “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayevin rəhbərliyi ilə iyulun 18-də Azərbaycanın qədim bölgələrindən olan Quba rayonuna səfər etdilər. Məqsəd xarici qonaqlara ölkəmizin bölgələrini tanıtmaq və asudə vaxtlarının səmərəli təşkil etməkdir.
"Yay Məktəbi”nin iştirakçıları əvvəlcə Quba Soyqırımı Memorial Kompleksinə gələrək 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət etdilər.Onları Sumqayıt Dövlət Universitetinin məzunu olmuş, Quba soyqırımı memorial kompleksinin rəhbəri Rəxşəndə Bayramova səmimi qarşıladı. Doğma universitetinin müəllim, tələbə və qonaqlarını burada görməkdən məmmnunluğunu ifadə etdi. Qonaqlara erməni-bolşevik birləşmələrinin törətdikləri qətliam haqqında ətraflı verdi. Bildirdi ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Həmin günlərdə Bakı şəhərində, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yandırılaraq yerlə-yeksan edilmişdir. Soyqırımı aktlarına dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Ulu öndər Heydər Əliyevin 27 mart 1998-ci il “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edildi və xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verildi.Qonaqlar Kompleksdə ermənilər tərəfindən törədilmiş bu kütləvi qətliama dair tarixi faktları əks etdirən ekspozisiyalara baxdılar. Onlar azərbaycanlılara qarşı soyqırımı hadisələrindən çox təsirləndiyini vurğulayaraq, faciə ilə bağlı həqiqətlərin dünyada geniş yayılmasının əhəmiyyətini qeyd etdilər.
Quba Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkən iştirakçılar muzey haqqında geniş məlumat aldılar. Bildirildi ki, qədim tarixə və geniş turizm potensialına malik Qubada tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın inşası Prezident cənab İlham Əliyevin göstərişinə əsasən həyata keçirilib. Qubada ilk tarix muzeyinin hələ 1924-cü ildə yaradıldığını, bu işdə yerli ziyalı və din xadimi Əhməd Əfəndi Çələbizadənin xidmətləri xüsusi qeyd olundu. Diqqətə çatdırıldı ki, eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olmuşdur. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlamış, bir sıra əşyaların muzeyə verilməsinə nail olmuşdur. Bu əşyalar sırasında qədim əlyazmaları və kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları və s. vardı.
Qonaqlar həmçinin, dağ yəhudilərinin kompakt yaşadıqları Qırmızı qəsəbədə oldular. Tələbələr qəsəbə sakinlərinin yaşam tərzi ilə maraqlandılar, ölkəmizin multikulturalizm və tolerantlığın mərkəzi olduğunun bir daha əyani şahidi oldular.
Sonra iştirakçılar rayonun əsrarəngiz təbiəti ilə tanış oldular. Gənclər arasında müxtəlif intelektual, əyləncəli oyunlar keçirildi, yemək və çay fasilələri təşkil edildi.
Assosiasiya çərçivəsində qonaqların Azərbaycanın bölgələrinə səfər etmələri onların bu ölkə ilə daha yaxından tanış olmalarına böyük imkan yaratdı.
Mətbuat xidməti