UDNTU-nun rektoru Yay məktəbinin uğurla başa çatdığına görə minnətdarlığını bildirib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Rusiya- Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə iyulun 14-dən 21-dək Sumqayıt Dövlət Universitetində (SDU) "Odlar Yurdu Azərbaycana səyahət” Tələbə yay məktəbi işini uğurla başa vurdu.
Rusiya- Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Rusiya tərəfdən həmsədri, UDNTU-nun rektoru akademik Ramil Baxtizin sosial şəbəkədə Rusiya universitetlərinin kollektivləri adından Azərbaycan rəhbərliyinə, xüsusilə Təhsil Nazirliyinə və SDU-nun rektoruna Sumqayıt Dövlət Universitetində təşkil olunan “Odlar yurdu Azərbaycana səyahət” Yay məktəbinin uğurla başa çatdığına görə minnətdarlığını bildirib.
UDNTU-nun rektoru qeyd edib ki, “Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının həmsədri, mənim əziz dostum Elxan Hüseynovun dəvəti ilə Bakıda “Odlar yurdu Azərbaycana səyahət” Yay məktəbinin iştirakçıları ilə görüşdüm. Gənclər və Rusiya ali təhsil müəssisələrinin komandalarının rəhbərləri öz sevinc hisslərini ifadə edərək, onlara Günəşli Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyat şəraiti ilə tanış olmaq imkanı yaradıldığı üçün minnətdarlıqlarını bildirdilər. Məktəbin proqramı dolğun və maraqlıdır. Bizim azərbaycanlı dostlarımızın qonaqpərvərliyi həmişəki kimi yüksək səviyyədədir. Fikrimcə, assosasiyamız öz fəaliyyətinin 5 ili ərzində ölkələrimizin elm və təhsil sahəsində əməkdaşlığının qurulması və inkişafı naminə böyük, məhsuldar işlər həyata keçirmişdir. Rusiya tərəfdən həmsədr kimi, assosiasiyanın üzvü olan Rusiya universitetlərinin kollektivləri adından Azərbaycan rəhbərliyinə, xüsusilə Təhsil Nazirliyinə və Sumqayıt Dövlət Universitetindəki həmkarlarıma ölkələrimiz və qardaş xalqlarımız arasında dostluq və tərəfdaşlığın inkişafına öz töhfələrini verdikləri üçün dərin minnətdarlığımı bildirirəm!”
Mətbuat xidməti