SDU-nun startup komandası “İnnocamp” düşərgəsində sertifikatla mükafatlandırıldı
Avqustun 29-dan 31-dək Şamaxıda startapçı tələbələr üçün “İnnocamp” innovasiya yay düşərgəsi keçirildi. Düşərgədə Bakı, Sumqayıt, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak etdi. 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirildi.
Düşərgədə Sumqayıt Dövlət Universitetinin startup komandası uğurla təmsil olundu. Komanda üzvləri Tayfun Hacılı, Vüsal Hacıyev, Seymur Talıbov, Zahir Tahirli düşərgədə "Part of me " layihəsini təqdim etdilər. Layihənin məqsədi ölkəmizdə əlillər üçün suni ayağın daha ucuz qiymətə hazırlanması idi. Komandamız 3 gün davam edən təlimlərdə aktiv iştirak etdi və öz startaplarının inkişafı üçün mütəxəssislərdən dəyərli məlumatlar aldı.
İştirakçılara startup ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verildi. Düşərgədə bu sahədə bilik mübadiləsi aparıldı və ümumi ekosistemin formalaşdırılması müzakirə edildi.
Qeyd edək ki, “İnnocamp” innovasiya yay düşərgəsi Şamaxıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, “İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirildi.
Yekunda startapçı tələbələr sertifikatla mükafatlandırıldı.
Mətbuat xidməti