Aprelin 25-də Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə növbəti elmi seminarı “Kimya və biologiya” fakültəsində keçirildi.Seminarda universitet TEC-in elmi rəhbəri dos. İslam Paşayev, Elm və innovasiyalar üzrə prorektor, prof. Ramazan Məmmədov, dekan dos. Mahal Muradov, Elmi hissənin müdiri dos. Anar Namazov, müvafiq kafedra müdirləri və profesor-müəllim heyəti, o cümlədən digər fakültələrin TEC üzvləri də iştirak etdilər. Seminarı universitet TEC-in elmi rəhbəri dos. İslam Paşayev açıq elan etdi və universitetin rektoru Elxan Hüseynovun salamlarını seminar iştirakçılarına çatdırdı. Bildirdi ki, bu seminarları keçirməkdə əsas məqsədimiz tələbələrin elmi potensialını, yaradıcılığını üzə çıxartmaq və onlarda elmə həvəs və maraq oyatmaqdır. Çox sevindirici haldır ki, son zamanlar universitetimizin beynəlxalq əlaqələri genişlənir. Bu baxımdan da Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Nobel mükafatı laureatı, Sankt Peterburq Akademik Universitetin rektoru, akademik Jores Alfyorov ilə 06.04.2015-ci il tarixində Sankt Peterburq Akademik Universitetində görüşünü xüsusi qeyd etdi. Bildirdi ki, akademik Jores Alfyorovun Sumqayıt Dövlət Universiteti ilə professor-müəllim heyətinin mübadiləsinə, tələbələrin qarşılıqlı elmi təcrübə keçmələrinə, bir sözlə qarşılıqlı faydalı əməkdaşlığa hər zaman hazır olmasını qeyd etdi.Professor Ramazan Məmmədov çıxış edərək bildirdi ki, təhsilin əsas qayəsi bilik öyrənməyi bacarmaqdır. O, dahi şairimiz Nizami Gəncəvinin məşhur kəlamını “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz” sitat gətirdi. Professor vurğuladı ki, tələbələr arasında elmi biliyi artırmaq üçün daima rəqabət olmalıdır. Bu prosesi həyata keçirmək üçün universitetimizdə tələbə elmi cəmiyyəti yaradılmışdır. Bu təşkilat öz işini uğurla davam etdirir və bu hal çox sevindiricidir. Seminarda Gülgəz Məmmədova “Abşeron yarımadasında neftin torpaq ekologiyasına təsiri”, Ulduz Süleymanlı “2-metilanilinin etanolla katalitik alkilləşdirilməsi”, İlhamə Yaqubova “Ənənəvi və müasir təlimin müqayisəli təsnifatı”, Nərmin Musazadə “Zəfəran bitkisinin botaniki xüsusiyyətləri və təbii əhəmiyyəti ”, Ceyhun Mustafazadə “Köhnəlmiş avtomobil şinləri tullantılarının sürətli pirolizdə utilləşdirilməsi”, Sevil Qulami “Neftlə çirklənmiş torpaqların təmizlənməsi”, Leyla Əlizadə “α-xlor β-oksobutanoldan indol törəmələrinin sintezi ”, Lalə Gülməmmədova “Seolit vasitəsilə çirkab suların təmizlənməsi”, Anarə Rzayeva “Azərbaycanın Kiçik Qafqaz ərazisində zarqanadlılar dəstəsinin rolu”, Məryəm Qaraliyeva “α-naftolun metanolla alkilləşmə reaksiyalarının kinetik tədqiqatları” Gülər Mejdinova “Ümumbəşəri ekoloji dioksin dəhşəti” mövzularında məruzə ilə çıxış etdilər.Seminarda fakültə TEC-in fəaliyyəti haqqında hazırlanmış video çarx nümayiş etdirildi.Növbəti seminarın 02.05.15 tarixində Mühəndislik fakültəsində keçiriləcəyi qeyd olundu.
Mətbuat Xidməti