Sumqayıt Dövlət Universitetinin nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi təntənə ilə qeyd edildi
Sumqayıt Dövlət Texniki Kollecinin fəaliyyətə başlamasından 60 il keçir. Bu münasibətlə sentyabrın 25-də Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi qeyd olundu.
Yubiley tədbirində Təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, professor-müəllim heyəti, elm-təhsil mərkəzlərinin rəhbərləri, görkəmli alimlər, ictimai-siyasi xadimlər iştirak etdilər.
Öncə nümayəndə heyəti Sumqayıt şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək, Ulu öndərin abidəsini ziyarət edib, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan yubiley tədbirində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva qonaqları salamladı və onlara dərin təşəkkürünü bildirdi. Mətanət Pirquliyeva kollecin 60 ildə keçdiyi inkişaf yolundan, tarixindən, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən söz açdı, bildirdi ki, bu gün respublikada iri və müasir sənaye müəssisələrinin yaradılmasında texniki işçilərin və bu kadrların hazırlanmasında məhz vaxtilə Sumqayıt Kimya – Texnologiya Texnikumu adlandırılan bu kollecin böyük rolu var. 1959-cu ildə Bakıdan Sumqayıta bir təhsil müəssisəsi köçürüldü. Bakı Neft–Texnologiya Texnikumu Sumqayıtda məskunlaşdı. Bu, dövrün ciddi tələbi idi. Sumqayıtın böyük kimya sənayesi üçün elə yerində kadrlar hazırlamaq lazım idi. Bu məsul və şərəfli vəzifə texnikumun üzərinə düşürdü. Metallurqlar, inşaatçılar, energetiklər, kimyaçılar şəhəri kimi tanınan, inkişaf və tərəqqi edən böyük kimyanı yaradan, ölkəmizdə və keçmiş SSRİ-də kimyanın flaqmanı olan Sumqayıtda fəaliyyət göstərən texnikumda ixtisaslar da mövcud sənaye profilinə uyğunlaşdırılmışdı. İstehsalatda işləyə-işləyə, istehsalatdan ayrılmadan da təhsil almaq istəyənlərin sayı da getdikcə artdı. Texnikumda oxumaq istəyənlərin sırasında yeniyetmələrlə, gənclərlə bərabər, qismən yaşlı istehsalatçıların əksəriyyət təşkil etməsi diqqəti cəlb edirdi. Hamı, hər kəs çalışırdı ki, nəzəri biliyə malik olsun, onu praktikada tətbiq etsin, Sumqayıt kimyasının sabahını irəli aparan mütəxəssis olsun. 1959-cu ildə Sumqayıt Kimya Texnologiya Texnikumu kimi fəaliyyətə başlayan bu təhsil müəssisəsində indiyədək minlərlə ixtisaslı kadr hazırlanıb. Bu il Sumqayıtın şəhər statusu almasının 70, Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyinin keçirilməsi böyük diqqət və qayğının ifadəsidir. Bu diqqətə görə Prezident cənab İlham Əliyevə kollektivimiz və öz adımdan təşəkkürümü bildirirəm. Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə görülən işlərin nəticəsində Sumqayıt həm gözəlləşib, şan-şöhrəti artıb, həm də şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları reallaşır. İllər ötdükcə onun şəxsiyyətinin əzəmətini, qoyub getdiyi tarixi irsin, ideyaların yüksək dəyərini daha dərindən anlayırıq. Ümummilli lider Heydər Əliyevin möhkəm təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən Prezident cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə yeni-yeni nailiyyətlərə imza atır, uğurların əhatə dairəsini genişləndirir. Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan böyük bir regionun inkişafında əsas təkanverici qüvvə qismində çıxış edir, dünya səviyyəsində əhəmiyyətini artırır. Əldə olunan uğurların özülündə dövlətimizin məqsədyönlü və ardıcıl siyasəti dayanır. Bunun üçün rəhbərlik etdiyim kollektiv adından öncə ölkəmizdə siyasi sabitliyin, əmin-amanlığın qarantına, elmin-təhsilin himayədarına çevrilən ölkə başçısı cənab İlham Əliyevə, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova, adı Sumqayıtın qurucu rəhbərləri sırasına yazılan cənab Zakir Fərəcova minnətdarlığımı bildirirəm.
Kollecin kollektivini yubiley münasibətilə təbrik edən Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarını Təhsil Naziri cənab Ceyhun Bayramovun adından salamladı, ölkədə təhsilə göstərilən diqqət və qayğıdan söz açdı. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiqləməsindən ötən illər ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə verilərək Sumqayıt Dövlət Texniki Kolleci adlandırılmışdır. Bununla da ölkədə kollecin nüfuzu artmışdı. Bu il Sumqayıt Dövlət Texniki Kollecinin onlarla məzunu ölkənin ali məktəblərinə daxil olmuşdur. Bütün bunlar kollecin əldə etdiyi ən gözəl nailiyyətlər sırasındadır. Kollecinin 60 illik yubileyi münasibətilə kollecin kollektivinə uğurlar arzu edirəm.
SDU-nun rektoru professor Elxan Hüseynov çıxış edərək qeyd etdi ki, hər birimiz üçün doğma olan, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin yaradılmasından 60 il ötür. Bu təhsil ocağının Sumqayıt şəhərinin yaranmasında kimya, metallurgiya sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur. 1959-cu ildə Sumqayıt Kimya-Texnologiya Texnikumunun - indiki Sumqayıt Dövlət Texniki Kollecinin əsası qoyuldu. Sənaye müəssisələrinin fəaliyyəti üçün ixtisaslı kadrlara ehtiyac olduğuna görə əvvəlcə Bakı Neft Texnikumunun filialı, Sumqayıt Kimya Texnologiya Texnikumu hal-hazırda Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci kimi fəaliyyət göstərir. Altmış il əvvəl öz qapılarını tələbələrin üzünə açan və böyük inkişaf yolu keçərək, potensial imkanlarını artıran bu təhsil ocağı sayılıb-seçilən mütəxəssisləri ilə tanınmışdır. Bu fəaliyyət sonrakı zamanlar üçün böyük önəm kəsb etməklə, ölkəmizə savadlı kadrlar bəxş etmək baxımından əhəmiyyətli mövqeyini qoruyub saxlayır. Kollecin fəaliyyətində ürəkaçan yeniliklər və müsbət dəyişikliklər baş verməkdədir ki, bu nailiyyətlərin də kökündə elmimizə, təhsilimizə göstərilən yüksək dövlət qayğısı, həmçinin müəllim heyətinin gərgin zəhməti dayanır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda elmin, təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kollecin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına və inkişafına böyük zəmin yaratmışdır. Kolleci bitirən məzunların ölkənin sənaye müəsissələrində əmək fəaliyyətinə başlaması bir tədris mərkəzi olaraq hər birimizə sevinc bəxş edir, qürur verir.
Rektor Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi münasibətilə kollecin əməkdaşlarını universitetin çoxminli professor-müəllim və tələbə heyəti adından təbrik etdi, kollektivə yeni-yeni uğurlar və nailiyyətlər arzuladı.
Sonra SDTK-nın bir qrup əməkdaşı səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyi tərəfindən qabaqcıl döş nişanı, fəxri fərmanı və Sumqayıt Dövlət Universitetinin fəxri fərmanı ilə təltif olundular.
Sumqayıt Dövlət Texniki Kollecinin fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olundu.
Yubiley tədbiri Sumqayıt Dövlət Universitetinin “Səma” rəqs ansamblının, tələbələrinin və respublikamızın tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.
Mətbuat xidməti