Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi
Yerləşdirilmə tarixi : 18 Oktyabr 2019 15:27
SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi
Oktyabrın 18-də Sumqayıt Dövlət Universitetində BDU-nun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda universitetin professor-müəllim və tələbə heyəti ilə yanaşı, BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etdi.
Əvvəlcə qonaqlar universitetdə Ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, Ulu öndərə həsr olunmuş kitablara baxış keçirdilər. BDU-nun rektoru Elçin Babayev xatirə kitabında ürək sözlərini qeyd etdi.
SDU-nun rektoru professor Elxan Hüseynov qonaqları salamlayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun 100 illik yubileyi münasibətilə iştirakçıları təbrik etdi, xoş arzularını çatdırdı. Qeyd etdi ki, Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq, Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı. BDU-nun inkişafında yeni keyfiyyət mərhələsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan rektor Ulu öndərin məzunu olduğu Bakı Dövlət Universitetinə daim xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırdı. Bütün dövrlərdə Bakı Dövlət Universitetinə Heydər Əliyevin xüsusi bir sevgisinin şahidiyik . O, BDU-ya olan məhəbbətini, ehtiramını, sevgisini bu sözlərlə bildirirdi: "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam". Hal-hazırda dahi şəxsiyyətin ideyaları Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. Bu gün Bakı Dövlət Universitetinin 100 illik yubileyi Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisələrindən biri kimi qarşılanır və müxtəlif səviyyələrdə qeyd olunur. Azərbaycan tarixində ilk dəfə olaraq BDU-nun 100 illik yubileyinin UNESCO-da qeyd olunmasının hər bir azərbaycanlıya və xüsusilə də təhsil işçisinə böyük qürur hissi yaşadır. Rektor onu da qeyd etdi ki, Bakı Dövlət Universiteti onun üçün son dərəcə doğma, əzizdir. Çünki ömrünün xoş xatirələri Bakı Dövlət Universiteti ilə bağlı olub,100 yaşı qeyd olunan universitet onun karyera inkişafında mühüm rol oynayıb. Bu qocaman universitetin məzunu olmuş, 1995-ci ilədək burada müəllim, baş müəllim, dosent, partiya komitəsi katibinin müavini vəzifələrində çalışmış,1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərmiş,1999-2002-ci illərdə Bakı Dövlət Universitetinin I prorektoru – Tədris işləri üzrə prorektor, 2010-2011-ci illərdə isə Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işlədiyini diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olmuşdur.
Sonra rektor BDU-nun ilk binasını əks etdirən xalça və təbrik məktubunu Elçin Babayevə təqdim etdi, universitetin kollektivini bir daha səmimi qəlbdən təbrik etdi.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev SDU-nun professor-müəllim və tələbə heyətini salamlayıb, konfransın təşkili üçün universitetin rektoru professor Elxan Hüseynova təşəkkür etdi. Bildirdi ki, universitet şanlı yubileyinə böyük ruh yüksəkliyi ilə hazırlaşır. Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini diqqətə çatdıran rektor Prezident cənab İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini, noyabr ayında böyük tədbirin keçiriləcəyini vurğuladı. Rektor Elçin Babayev Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Sumqayıt Dövlət Universitetinin və yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu söyləyərək, onun Azərbaycan təhsilinə verdiyi töhfələrdən danışdı, bu ali təhsil ocağına yeni-yeni uğurlar arzuladı.
SDU-nun Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Əməkdar jurnalist Avtandil Məmmədov “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” , BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Bakı Dövlət Universitetinin rolu” mövzularında məruzə ilə çıxış etdilər. Məruzə ətrafında SDU-nun və BDU-nun alimləri ayrı-ayrı sahələrdə qazandıqları uğurlar barədə və məzunu olduqları Bakı Dövlət Universiteti haqqında fikirlərini bölüşdülər. Riyaziyyat fakültəsinin dekanı Əməkdar müəllim Zəfər Hüseynov, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının professoru Məhəmmədəli Zərbəliyev, Diferensial tənlikər və optimallaşdırma kafedrasının dosenti Əməkdar müəllim Əkbər Məmmədov, Neft kimyası və kimya mühəndisliyi kafedrasının professoru Əməkdar müəllim Qafar Ramazanov və digər natiqlər çıxış etdilər. Qeyd etdilər ki, Bakı Dövlət Universitetinin məzunlarının qazandığı nailiyyətlər respublikamızın elmi həyatının ayrılmaz tərkib hissəsi olmaqla, xalqımızın qədim tarixinin, mədəniyyətinin araşdırılmasında, milli mədəniyyətimizin, ana dilimizin qorunub-saxlanılmasında, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynayır.
Konfransdan sonra BDU-nun rektoru Elçin Babayev və nümayəndə heyəti universitetin II tədris binası və açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonu ilə tanış oldular.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az