Azərbaycan Təhsil  sistemində  özünə məxsus yeri ilə seçilən  SDU  beynəlxalq əməkdaşlıq sahəsində  artıq kifayət qədər təcrübəyə malikdir. Belə ki, universitetimiz Avropa  İttifaqının 4 TEMPUS layihəsinin iştirakçısıdır.  Bunlardan biri  “Əlilliliyi olan insanların Azərbaycanın ali  təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı  TEMPUS layihəsidir.
Sumqayıt Dövlət  Universitetinin iki əməkdaşı-Humanitar məsələlər üzrə prorektoru dosent Nizami  Namazov və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov layihə  çərçivəsində Avstriyanın Qraz və Yunanıstanın Makedoniya universitetlərində  işgüzar səfərdə olmuşlar.
3 gün davam edən görüşdə  layihə çərçivəsində korluğu olan tələbələr, bələdçilik mövzuları müzakirə  olunmuş, əlil tələbələr üçün texnologiyanın təqdimatı, görmə əlilliyi olan  tələbələr üçün kitabxana xidmətləri, əlillərin ehtiyaclarının  müəyyənləşdirilməsi və təhlili mövzuları ətrafında fikir mübadiləsi və  müzakirələr aparılmışdır. 
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi  Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə  əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə  inteqrasiyasını  sürətləndirmək və bu  sahədə Avropa təcrübəsini universitetlərdə tətbiq etməkdir.
Layihənin Avropa  təşkilatları aşağıdakılardır. 
- Qraz universiteti  (Avstriya)
- Makedoniya  Universiteti (Yunanıstan)
- Lodz Universiteti (Polşa)
- European Human Consultancy  təşkilatı (Hollandiya)
Azərbaycan tərəfdən  layihənin tərəfdaş təşkilatları Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad  Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Univesiteti, Gəncə  Dövlət Universiteti, Naxçıvan Dövlət Universitetləri və Azərbaycan Əlil  Təşkilatları İttifaqıdır.
Qeyd edək ki, layihə  çərçivəsində görüləcək işlər bunlardır;
- əlillərin cəlb edilməsi üçün qaydalar və  siyasətin hazırlanması
- əlil insanlarla işləmək  ücün kadr hazırlığının aparılması 
- hər bir yerli tərəfdaş universitetdə əlillər  üçün mərkəzlərin yaradılması
- Azərbaycanın ali məktəblərində əlilliyi  olan şəxslər üçün fiziki mühitin inkişaf etdirilməsi 
- İctimai məlumatlılığın  artırılması
Onu da qeyd edək ki, SDU-da  artıq əlil tələbələrin təhsil almaları üçün  hər cür şəraiti olan otaq ayrılmışdır. 
Layihə üzrə nəzərdə tutulan  işlər davam etdirilir.
Mətbuat xidməti