Riyaziyyat fakültəsinin müəllimi Beynəlxalq Pedaqoji Təhsil Elmləri Akademiyasının müxbir üzvü seçilib
Sumqayıt Dövlət Universitetinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti Məftun Heydərova oktyabrın 1-də Beynəlxalq Pedaqoji Təhsil Elmləri Akademiyasının müxbir üzvü seçilib. Ona akademiyanın diplomu və vəsiqəsi təqdim olunub. Beynəlxalq Pedaqoji Təhsil Elmləri Akademiyası elmi, mədəni və mənəvi potensialı özündə birləşdirən bir akademiyadır. Artıq 20 ildir ki, akademiya üzvlərinin - mütəxəssislərin, yaradıcı və ictimai fəal insanların birgə səyləri müasir yüksəkixtisaslı müəllim kadrlarının hazırlanmasında ən yüksək problemlərin həllinə, yeni metod və texnologiyaların yaradılmasına və tətbiq edilməsinə öz töhfəsini verir.
Qeyd edək ki, Məftun Heydərova 2006-2013-cü illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olub. 2013-cü ildə prof. K.İ.Xudaverdiyevin elmi rəhbərliyi ilə "Dördüncü tərtib yarımxətti biparabolik tənliklər üçün qarışıq məsələnin tədqiqi" mövzusunda dissertasiya işi müdafiə edib, 2014-cü ildə Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini alıb.
12 sentyabr 2014-cü ildə Sumqayıt Dövlət Universitetində Riyaziyyatın tədrisi metodikası kafedrasının baş müəllimi vəzifəsinə işə qəbul olunub. 29.03.2017-ci il tarixində SDU Elmi Şuranın qərarı ilə Riyaziyyatın tədrisi metodikası kafedrası adı dəyişdirilərək, Riyaziyyat və onun tədrisi metodikası kafedrası adlandırılmışdır. Hal-hazırda həmin kafedranın dosenti vəzifəsində çalışır.
İki dərs vəsaiti, 16 fənn proqramı, 38 elmi məqalə və tezisin müəllifidir. Müxtəlif Beynəlxalq və Respublika elmi konfranslarında iştirak edib.
2016-cı ildə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən “İlin gənc alimi” adına layiq görülüb. 02 sentyabr 2019-cu il tarixində Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti elmi adı alıb.
05 oktyabr 2019-cu ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə SDU-nun rektoru professor Elxan Hüseynov tərəfindən fəxri fərmana layiq görülüb.
Mətbuat xidməti