“Karyera imkanlarının artırılması” mövzusunda Beynəlxalq konfransda nümayəndələrimiz iştirak etdilər
Oktyabrın 31-də “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Karyera imkanlarının artırılması” mövzusunda Beynəlxalq konfrans keçirildi.
Konfransın açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, ali təhsil müəssisələrinin, karyera və biznes qurumlarının təmsilçiləri, tələbələr iştirak etdilər.
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə Dünya İqtisadi Forumunun Rəqabətlilik İndeksi üzrə Azərbaycanın göstəricilərinin yüksəldiyini diqqətə çatdırıb. Təhsil naziri "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ölkəmizdə insan kapitalının formalaşması, yüksəkixtisaslı mütəxəssis hazırlığı, ali məktəb məzunlarının iş və karyera inkişafı sahəsində görülmüş işlərdən danışdı.
Ceyhun Bayramov bildirdi ki, müasir dövrdə rəqabətə davamlı, hərtərəfli mütəxəssis hazırlığına nail olmaq üçün Azərbaycan hökuməti biliyə əsaslanan iqtisadiyyatın inkişafına mühüm önəm verir. Nazirin sözlərinə görə, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına nail olmaq üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3500-dən artıq gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alıblar.
Təhsil naziri çıxışının sonunda Azərbaycan və Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığa toxunaraq ölkəmizin təhsil sisteminə verdiyi töhfələrə görə Britaniya Şurasına minnətdarlığını bildirdi.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da öz növbəsində bildirdi ki, keyfiyyətli ali təhsil yerli və qlobal əmək bazarında gənclərin imkanlarını genişləndirir. Baronessa Emma Nikolson təhsil sahəsində Azərbaycan və Böyük Britaniyanın əməkdaşlığının vacibliyini qeyd etdi və ölkəsinin gələcəkdə də bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcəyini vurğuladı. “British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramının əhəmiyyətinə toxunan Baronessa Emma Nikolsonun sözlərinə görə, proqramın əsas məqsədi ali təhsil müəssisələrinin məzunlarının işə düzəlmə bacarıqlarını inkişaf etdirmək, onların yerli və qlobal səviyyədə daha rəqabətə davamlı etməkdir.
Daha sonra çıxış edən “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah da bildirib ki, bu forum yeni ali təhsil proqramının ölkədəki mövcud ali təhsil mühitində əlverişli mövqe qazanmasına kömək edəcək. Samr Şah bu proqram çərçivəsində tədqiqatçıların təcrübə mübadiləsinin baş tutacağını deyib. Samr Şah əlavə etdi ki, konfrans məzunların məşğulluğunu artırmaq, yerli və qlobal iş dünyasında rəqabətliliyini təmin etmək və nəticələri izləmək üçün davamlı olaraq məlumat toplamaq mexanizmini yaratmaq və ali təhsil müəssisələrinin qabiliyyətini inkişaf etdirmək yollarını öyrənmək məqsədi daşıyır.
Konfransda iki dövlətin ali təhsil müəssisələri və biznes təşkilatları arasında strateji əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub. Həmçinin Azərbaycanda “British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramına start verildi, onun üstünlüklərindən söz açıldı. Bildirildi ki, “British Council” müvafiq proqramın köməyilə uzunmüddətli tərəfdaşlıq qurmaq, real dəyişikliklərə nail olmaq, insanların bilik və bacarıqlarının artmasına, qlobal bazara çıxmaq potensiallarının inkişaf etməsinə kömək etmək istəyir.
Daha sonra tədbir məşğulluq, mütəxəssis hazırlığı, karyera imkanlarına həsr olunmuş təqdimatlarla davam etdirildi.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev, Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev, mərkəzin metodisti Araz Tarverdiyev xüsusi fəallıqla iştirak etdilər
Mətbuat xidməti