“İstehsalat və məişət tullantılarının idarə olunması” mövzusunda elmi-praktik seminar
Noyabrın 5-də Sumqayıt Dövlət Universitetində “İstehsalat və məişət tullantılarının idarə olunması” mövzusunda elmi-praktiki seminar keçirildi.
Seminarda universitetin Kimya və Biologiya fakültəsinin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Sumqayıt şəhər Təmizlik departamentinin şöbə müdiri Anar Mustafayev, Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bir qrup əməkdaşı, Ekoloji diyarşünaslıq şöbəsinin müdiri Sevinc Məhərrəmova, Ekoloji dərnəyin rəhbəri Ruhiyyə Əsgərova iştirak etdilər.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq tədbir iştirakçılarını salamladı, seminarın əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, keçirilən bu kimi tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır. Bununla yanaşı, tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasıdır. Prorektor onu da diqqətə çatdırdı ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova çıxış edərək bildirdi ki, kafedrada mütəmadi olaraq ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Bugünkü seminar da onlardan biridir. Qeyd edək ki, məişət tullantısı problemi ölkəmizdə illərdir müzakirə edilir. Ümumiyyətlə, tullantılar prinsipial fərqli ikili xüsusiyyətlə səciyyələnir. Bir tərəfdən tullantılar insan sağlamlığı və ətraf mühit üçün təhlükə mənbəyidirsə, digər tərəfdən fasiləsiz bərpa olunan material-xammal və istilik-energetik resurs (təkrar material resursları) mənbəyidir. Tullantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etmək mümkündür ki, bu da, öz növbəsində, ekoloji və iqtisadi baxımdan əhəmiyyətlidir. Ən əsası isə, təkrar emal təbii resurslardan istifadəni minimuma endirir. Məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə bu sahədə nümunəvi şəraitin yaradılacağından xəbər verir.
Seminarda Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçiləri: Elmar Musayev “Tullantıların idarə olunması”,Vüsal İbrahimli “Ətraf mühitin mühafizəsində Azərbaycan qanunvericiliyi”, Ekologiya kafedrasının dosenti Nərgiz Aşurova “Dioksin problemi”, Ekologiya kafedrasının asistenti Tünzalə Babayeva “Sumqayıt sənaye zonasının ağır metallarla çirklənməsi, onların inaktivasiyası və münbitliyinin bərpası”, Magistrant və tələbələrdən Nigar Zeynalova “İctimai sağlamlığın təmin edilməsi”, Nərmin Səlimli “Bərk tullantıların zərərsizləşdirilməsi”, Günel Qardaşova, Zümrüd Bağırova “Əhalinin ekoloji maarifləndirilməsi nəzdində ətraf mühitin çirklənməsinin qarşısının alınması”, Vüqar Əhmədli “Plastik kütlələrdən asfaltın salınması” mövzularında məruzə etdilər. Bildirdilər ki, ətraf mühitdə baş verən istənilən dəyişikliklərdə insanların rolu və məsuliyyəti böyük və qaçılmazdır. Yalnız birlikdə əməyin nəticəsində yaşadığımız mühiti qoruya, sağlam gələcəyə nail ola bilərik.
Seminarın sonunda bu sahədə fikir mübadiləsi və müzakirələr aparıldı, iştirakçıların sualları aidiyyatı qurumların nümayəndələri tərəfindən cavablandırıldı.
Mətbuat xidməti