Komandamız “Universitet tələbələrinin 44-cü ACM ICPC Proqramlaşdırma” müsabiqəsində iştirak etdi
Noyabrın 10-da Bakı Mühəndislik Universitetində (BMU) “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin regional mərhələsi (XV Azərbaycan Çempionluğu) keçirilib. Müsabiqədə 18 ali təhsil müəssisəsindən 54 komanda və 3 məktəblilər komandası (müsabiqədən kənar) iştirak etdi.
Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov müsabiqə iştirakçılarını salamladı və onlara uğurlar arzuladı. O, informasiya texnologiyaları sahəsinin dünyanın, eləcə də müasir dövrdə ölkəmizin inkişafındakı rolundan danışdı.
Müsabiqənin Azərbaycan üzrə regional direktoru, Bakı Dövlət Universetinin dosenti Ramin Mahmudzadə çıxışında tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, ümumilikdə bu müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli müsabiqədir. Müsabiqə iştirakçıları dünyanın ən nüfuzlu universitetlərinin tələbələridir. Müsabiqədə iştirak etmiş tələbələr məzun olduqdan sonra informasiya texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şırkətləri tərəfindən iş təklifi alırlar.
Müsabiqənin baş sponsoru olan PAŞA Bankın nümayəndəsi Vüsal Xəlilov müsabiqə iştirakçılarına uğurlar arzuladı, gələcəkdə də bu tipli lahiyələrə dəstək verəcəklərini bildirdi.
Müsabiqənin Azərbaycan üzrə koordinatoru Etibar Seyidzadə müsabiqənin şərtləri, keçirilmə qaydaları və texniki məsələlər haqqında məlumat verdi.
Çıxışlardan sonra müsabiqə başladı. Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verildi.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin SSU1, SSU2 komandaları müsabiqədə iştirak etdilər.
Mətbuat xidməti