Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Tvinninq layihəsi çərçivəsində Fizika təhsil proqramının pilot akkreditasiyası keçirildi
Yerləşdirilmə tarixi : 14 Noyabr 2019 15:45
SDU-da Tvinninq layihəsi çərçivəsində Fizika təhsil proqramının pilot akkreditasiyası keçirildi
Noyabrın 13-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avropa Komissiyası ilə birgə Fizika təhsil proqramının pilot akkreditasiyası keçirildi.
Görüşdə ekspertlər: Filip Turek (Fizika professoru, Strasburq Universitetinin tədqiqatçısı), Elian Kotler (Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Keyfiyyət Təminatı qiymətləndirmə mütəxəssisi), Həsən Hüseynli (ADA məktəbinin fizika müəllimi), Sevinc Ələkbərzadə (Azərbaycan Dövlət İqtisad Universiteti, İngilis dili fakültəsi), Nərmin Xəlilova(ADA Universitetinin tələbəsi) ilə yanaşı, SDU-nun prorektorları, fakültə rəhbərliyi və professor-müəllim heyəti iştirak etdilər.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov xarici və yerli ekspertləri salamladı, universitetin fəaliyyəti, struktur və tədris proqramları, o cümlədən Tvinninq layihəsi çərçivəsində həyata keçirilən təlimlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, universitetimizin Avropa İttifaqı tərəfindən maliyyələşən proqramlarda iştirak etməsi artıq bir ənənəyə çevrilmişdir. Əsas hədəf təhsilin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı kadrlar hazırlanması, ölkənin və regionun ən yaxşı universitetlərindən biri olmaqdır. Bu baxımdan, Tvinninq layihəsi mühüm əhəmiyyət kəsb edir. Prorektor universitetin inkişafına verdikləri dəstəyə görə layihənin iştirakçılarına təşəkkürünü bildirdi, əminliklə vurğuladı ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviyadan olan müvafiq təhsil qurumlarının və Azərbaycanın Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq adlı layihəsi Azərbaycan ali təhsil sisteminin inkişafına töhfələr verir.
Tədbirdə prorektorlar Natiq Talıbov, Qafar Atayev, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının müdiri, Fizika ixtisası üzrə bakalavr təhsil proqramı ÖTH qrupunun rəhbəri prof. Məhəmmədəli Zərbəliyev, Karyera Mərkəzinin müdiri Əmirxan İsayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova çıxış edərək universitetdə “Tvinninq” layihəsi çərçivəsində həyata keçirilən seminarlar, təlimlər, özünütəhlil prosesinə maraqlı qurumların nümayəndələrinin cəlb olunması, onların fikir və təkliflərinin nəzərə alınması, birgə keçirilən tədbirlər, eləcə də professor-müəllim heyətinin bilik, səriştə və bacarıqlarının yüksəldilməsi, yeni təlim texnologiyalarına yiyələnmiş professor-müəllim heyətinin işə cəlb edilməsi, universitetdə tədrislə elmi fəaliyyətin vəhdətinə diqqət yetirilməsi, universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, müasir infrastrukturun qurulması, idarəetmənin optimallaşdırılması, kitabxanaların, Dissertasiya Şurasının fəaliyyətinin gücləndirilməsi, dövri elmi nəşrlərin təkmilləşdirilməsi, ixtisasartırmanın keyfiyyətli təşkili, büdcə vəsaitindən və intellektual resurslardan səmərəli istifadə, diferensial əməkhaqqı, universitetə yüksək biliyə malik gənclərin cəlb edilməsi, təhsilin beynəlmiləlləşdirilməsi, universitetin beynəlxalq əlaqələri, yerli və beynəlxalq layihələrdə iştirak, tədris-təlim prosesində dəyişikliklərə nail olmağın yolları ilə bağlı görülən işlər barədə məlumat verdilər.
Çıxışlardan sonra “Fizika” proqramı üzrə müsahibə keçirildi, təhsil proqramının özünütəhlil qrupunun hesabatı dinlənildi.
Sonra həmin ixtisası tədris edən fənn müəllimləri və tələbələrlə görüş keçirildi. Tələbələrin rüblük və yekun işlərini (tezislərini), imtahan materiallarını nəzərdən keçirdilər.Auditoriya, laboratoriya, mühazirə otaqları, kitabxana, digər resurslarla tanış oldular. Qeyd olundu ki, bütün görülmüş işlər tələbələrin bilik və bacarıqlarının artırılmasında, onların yüksəkixtisaslı kadr kimi formalaşmasında böyük rol oynayacaq.
Daha sonra bu ixtisas üzrə təhsilini başa vurmuş məzunlarla və işəgötürənlərin nümayəndələri ilə görüş keçirildi. AMEA- nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı Günel İmanova, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin tədris mərkəzinin direktoru Araz Məmmədzadə, Sumqayıt YGŞ-nin baş direktoru Xəndam Əhmədov, STP-nin nümayəndəsi Nazim Əzizov ilə görüş və müsahibə keçirildi.
Ekspertlər universitetin strateji idarəetməsi, tədris proqramları, elmi-tədqiqat fəaliyyəti, insan resursları, tələbələrlə iş, təlim resursları və tələbələrə dəstək istiqamətləri üzrə göstəriciləri yüksək qiymətləndirdilər, qeyd etdilər ki, proqram üzrə təqdim olunan hesabat təhlil xarakterlidir.Proqram üzrə təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tövsiyələrini bildirdilər.
 
Mətbuat xidmət
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az