“Karyerada ilk addımlar” adlı təcrübə layihəsi çərçivəsində tələbələrlə görüş keçirildi
Son zamanlar Sumqayıt Dövlət Universitetinin ASC “Standart Insurance” Sığorta şirkəti və digər sığorta şirkətləri arasında əməkdaşlıq əlaqələri güclənir. Mütəmadi olaraq ASC “Standard Insurance” şirkətinin nümayəndələri universitetdə tələbələrlə görüşlər keçirirlər.
Noyabrın 18-də Sumqayıt Dövlət Universitetində ASC “Standard Insurance” Sığorta Şirkətinin təşəbbüsü, İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılğı ilə “Karyerada ilk addımlar” adlı təcrübə layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirildi.
Görüşdə “Standart Insurance” Sığorta şirkətinin Müştəri xidməti şöbəsinin rəisi Rüstəm Əhmədov, şirkətin Sumqayıt nümayəndəliyinin direktoru Nizami Ələmov, Müştəri xidməti şöbəsinin mütəxəssisi Əkbər Novruzzadə, İnsan resursları və kargüzarlıq şöbəsinin mütəxəssisi Humay Sadıxova, satış mütəxəssisi Lalə Rəsulova, “Qala” sığorta şirkətinin Sumqayıt nümayəndəliyinin rəhbəri İlqar Zülfüqarov və İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri iştirak etdilər.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva qonaqları salamladı, universitetdə görməkdən məmnun olduğunu dedi, tələbələrin istehsalat təcrübəsində iştirakının təmin olunması, həmçinin magistrantların işlə təmin edilməsi istiqamətində yaradılan şəraitdən, görülən işlərdən və bu sahədə qazanılan uğurlardan danışdı. Tələbələrə yaradılan bu şəraitdən faydalanmağı tövsiyə etdi.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev çıxış edərək, tələbələrlə bu cür görüşlərin keçirilməsinin onların gələcək karyeraları üçün olduqca vacib bir addım olduğunu bildirdi, həmçinin karyerada ilk addımları atmaq üçün zəruri olan məqamlardan bəhs etdi.
Sığorta şirkətlərinin nümayəndələri: Rüstəm Əhmədov, Nizami Ələmov, İlqar Zülfüqarov çıxış edərək, sığorta sahəsində olan inkişaf barəsində geniş məlumat verdilər, sığorta bazarında yeni nəsil sığortaçılara ciddi ehtiyac olduğunu xüsusi qeyd edərək bildirdilər ki, görüşün də əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.
Eyni zamanda Azərbaycanda sığorta bazarında mövcud vəziyyət haqqında tələbələrlə müzakirələr aparıldı, onları maraqlandıran suallar sığorta şirkətlərinin nümayəndələri tərəfindən cavablandırıldı.
Mətbuat xidməti