Kollektivimiz Sumqayıt şəhərinin 70 illik yubileyində iştirak etdi
Sumqayıta şəhər statusu verilməsinin 70 ili tamam olur.
Noyabrın 19-da Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ümumşəhər yubiley tədbiri keçirildi. Sumqayıt sakinləri zəngin, o cümlədən mürəkkəb inkişaf yolu keçərək, ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilən şəhərləri ilə fəxr edirlər. Bu hiss onların çöhrəsində, əhval-ruhiyyəsində aydın şəkildə müşahidə olunur. Meydanda qurulan tribunalarda şəhər rəhbərliyi, veteranlar, rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, Sumqayıtla qardaşlaşmış Almanıyanın, Ukraynanın, Çinin şəhərlərinin nümayəndə heyətləri də yer aldılar. Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiəti və hərbçilərin keçidi ilə başladı. Keçid zamanı Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar nümayiş olundu. Tədbir sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin keçidi ilə davam etdi. Tədbirdə Sumqayıt Dövlət Universiteti və onun nəzdində yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin kollektivi fəal iştirak etdilər.
Mətbuat xidməti