“İnsan sağlamlığına zərər vuran üçlük” mövzusunda maarifləndirici tədbir keçirildi
Noyabrın 22-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “İnsan sağlamlığına zərər vuran üçlük” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dosenti Cavid Məmiyev açaraq, zərərli vərdişlər, onların sağlam həyat tərzinin formalaşdırılmasına göstərdiyi mənfi təsirlər, eləcə də insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə məlumat verdi. Sağlam həyat tərzinin alternativi olmadığını diqqətə çatdıraraq, gənclərin zərərli vərdişlərdən uzaq olmasını tövsiyə etdi.
Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı çıxış edərək, görüşün sağlam həyat tərzinin təbliğinə bir tövhə olduğunu, bu istiqamətdə tələbələr arasında kütləvi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Siqaretin, narkotik vasitələrin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlardan danışdı.
Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Nasir Yarıyev çıxış edərək, narkomaniya və onun fəsadları haqqında geniş danışdı, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırdı. Həmçinin zərərli vərdişlərə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən bəhs etdi.
Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu yaralardan bəhs edən videoçarx nümayiş etdirildi, tələbələri maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti