SDU-da Psixologiya və ya təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil alan tələbələr üçün qrupşəkilli biblioterapiya keçirildi
Son dövrlərdə psixoloji xidmətin keyfiyyətinin artırılmasına və tələbələrin psixoloji problemlərinin həllinə yönəlmiş tədbirlər yeni vüsət alıb. “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ali təhsil müəssisələrində gənc psixoloq tələbələr üçün “Kitabla terapiya” layihəsi həyata keçirilir. Layihə çərçivəsində növbəti qrupşəkilli biblioterapiya noyabrın 26-da Sumqayıt Dövlət Universitetində Frans Kafkanın “Çevrilmə” novellasının əsasında təşkil edildi.
Tədbiri giriş sözü ilə Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva açaraq, tədbir iştirakçılarını salamladı, layihənin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, “Kitabla terapiya” adlı proqram xarakterli layihə özünəməxsusluğu ilə seçilir.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova çıxış edərək, belə bir layihənin tələbələrin bilik və bacarıqlarının artırılmasında böyük bir təcrübə olacağını qeyd etdi.
Sonra qrupşəkilli biblioterapiyaların aparıcı psixoloqu Kamil Həmidov bu üsul barədə geniş məlumat verdi.
Gələcəyin psixoloqları Kamil Həmidovun moderatorluğu ilə Frans Kafkanın “Çevrilmə” novellasının psixoloji müzakirəsi sayəsində əyani olaraq biblioterapiya metodunu öz üzərilərində tətbiq etdilər. Onlara psixoloq Kamil Həmidovun müəllifi olduğu, “Kitabla terapiya”nın nəzəri və praktik aspektlərinin əhatəli təsvir olunduğu kitab da paylanılmışdır. İctimai Birlik hesab edir ki, gələcəyin psixoloqlarının praktik peşə bacarıqlarının artırılması istiqamətində geniş işlər aparılarsa, cəmiyyətdə sosial fobiya, uşaq depressiyaları, sosial adaptasiya problemləri, intiharlar, “bulling”lər və digər neqativ halların sayı minimuma enər.
Tədbirin sonunda Azərbaycan Gənclər Fondu və “Addım” Gənclərin İnkişaf Mərkəzi tərəfindən tələbələrə sertifikatlar təqdim olundu.
Mətbuat xidməti