Sağlam qidalanma sağlam həyat deməkdir
Noyabrın 26-da Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Sağlam qidalanma sağlam həyat deməkdir” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə Riyaziyyat fakültəsinin dosenti Məhəmmədəli Məmmədov çıxış edərək bildirdi ki, tədbirin keçirilməsində məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri onların qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları ağır xəstəliklərdən, gündən-günə gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, sağlam qidalanma və düzgün həyat tərzi barədə ətraflı şəkildə maarifləndirilməkdən ibarətdir. Ərzaq təhlükəsizliyinin vacibliyini vurğulayan Məhəmmədəli Məmmədov gənclərin sağlam olmayan, faydasız qidalardan uzaq duraraq, sağlam vətəndaş kimi formalaşmasının önəmini qeyd etdi.
Riyaziyyat fakültəsinin TGT sədri Ülkər Laçınova sağlam qidalanma və düzgün həyat tərzi, yuxu rejiminin qidaya təsirləri haqqında geniş məlumat verdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti