Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
Yerləşdirilmə tarixi : 28 Noyabr 2019 14:21
SDU-da “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
Noyabrın 28-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi, Ufa Dövlət Neft Texniki Universitetinin və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi.
Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, İngiltərə,Türkiyə və digər ölkələrin aparıcı universitetlərinin alimləri, o cümlədən Təhsil Nazirliyinin Elm sektorunun müdiri Əfqan Abdullayev, NKPİ-nin direktoru akademik Vaqif Abbasov, AKİ-nin direktoru akademik Vaqif Fərzəliyev iştirak etdilər.
Konfransı universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, rektor professor Elxan Hüseynovun salamlarını çatdırdı,qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə etdi və ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə məlumat verdi. Qeyd etdi ki, universitetimiz 2015-ci ildən Azərbaycan tərəfdən Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının həmsədridir, elmi əlaqələrimiz gündən-günə genişlənir, hazırda bir çox ali məktəblərdə müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atılır. Assosiasiya çərçivəsində universitetdə reallaşdırılan proqram və beynəlxalq layihələr haqqında məlumat verən prorektor onu da diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti Təhsil Nazirliyinin dəstəyi, Rusiya–Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə cari ilin iyul ayının 14-dən 21-dək “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinə yüksək səviyyədə ev sahibliyi etmişdi. Bu da universitetimizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsindən və böyük nüfuza malik olmasından xəbər verir. “İnanıram ki, keçirilən beynəlxalq konfrans universitetimizin beynəlxalq əlaqələrinin daha da genişlənməsinə töhfə olacaq”.
Prorektor 70 illik yubileyini bu günlərdə qeyd edən Sumqayıt şəhərinin Kimyaçılar şəhəri kimi tarixə düşdüyünü diqqətə çatdırdı.Vurğuladı ki, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açıldı, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verildi. Dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərləri, diqqət və qayğısının nəticəsidir ki, bu iri sənaye şəhərinə maraq daha da artdı. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir. Şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti 57 ildir ki, müxtəlif ixtisaslar üzrə kadr hazırlığını uğurla həyata keçirir və ali təhsilli kadrların xeyli hissəsi Sumqayıt Kimya Sənaye Kompleksində çalışırlar. SDU-da aparılan innovativ elmi tədqiqat işləri içərisində digər ixtisaslar kimi, kimya və kimya texnologiyasının da öz önəmli payı vardır. Kimyaçı alimlərin və mühəndislərin əldə etdikləri elmi nəticələrə ölkəmizdə və xaricdə maraq artmaqdadır. Bu gün keçirilən elmi konfrans və iştirakçıların coğrafiyasının geniş olması da bunu sübut edir. Konfransa 5 ölkənin (Rusiya Federasiyası, İngiltərə, Türkiyə, Mozamblik və Azərbaycan) 30 universitetin, institut və təşkilatların əməkdaşlarının məruzələri proqrama daxil edilmiş, 300-dən çox tezis qəbul edilmiş və konfrans materialları toplusu şəklində nəşr olunmuşdur. Prorektor çıxışının sonunda konfransın işinə uğurlar arzuladı.
Ufa Dövlət Neft Texniki Universitetinin professoru Tatyana Rudolfovna Prosoçkina “Rəqəmsal texnologiyaların tətbiqi ilə neft-qaz-kimya sistemlərinin modelləşdirilməsi”, AMEA-nın Y.H.Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun professoru Təranə Məmmədova “Təbii karbon turşuları əsasında dizel yanacaqlarına oksigen tərkibli əlavələr”, Perm Milli Tədqiqat Politexnik Universitetinin professoru Yevqeni Rudolfoviç Moşev “Problemyönümlü sistemlər kimya istehsalı avadanlıqlarının inteqrasiya olunmuş loqistik dəstəyi məsələlərinin həllinin effektiv vasitəsi kimi”, İngiltərənin Midlseks Universitetinin dosenti Corcius Duflas “İnnovativ təhsilə doğru yol”, Sumqayıt Dövlət Universitetinin professoru Muxtar Səmədov “İntensivləşdirici əlavələrin iştirakı ilə təbii fosfatların sulfat turşusunda parçalanması prosesinin tədqiqi”, Sumqayıt Dövlət Universitetinin dosenti Natiq Talıbov “Layihələndirmə patternləri əsasında avtomatlaşdırılmış layihələndirmə sisteminin işlənməsi məsələləri” mövzularında məruzə etdilər. Məruzələr ətrafında maraqlı diskussiyalar aparıldı.
Qeyd edək ki, konfrans işini iki gün ərzində altı bölmə üzrə davam etdirəcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az