SDU-da “Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyidir” mövzusunda məşğələ
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Tarixin ən zəruri anlarında xalqın köməyinə çatan, onun müstəqillik yolunda inkişafının təməlini qoyan Yeni Azərbaycan Partiyası 27 ildir, xalqına, millətinə yorulmadan xidmət edir. Bu münasibətlə Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyidir” mövzusunda məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və 27 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışdı. Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edən rektor vurğuladı ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilas yolunu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Beləliklə, müasir siyasi tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bu böyük şəxsiyyətin ətrafında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə 1992-ci il noyabr ayının 21-də Naxçıvanda YAP-ın təsis konfransı keçirildi. Dahi şəxsiyyətin YAP-ı yaratması və ona rəhbərlik etməyə razılıq verməsi xalqımızın gələcəyə inam hissini yenidən gücləndirdi. Azərbaycan xalqının çağırışı ilə yaranmış, xalqın arzu və istəklərinin, milli mənəvi iradəsinin ifadəçisi olan Yeni Azərbaycan Partiyası yalnız siyasi sahədə deyil, həmçinin bir çox sosial, iqtisadi, mədəni layihələr həyata keçirərək, Azərbaycanın bu sahələrdə də inkişafına zəmin yaratdı. YAP-ın yaranması xalqın və zamanın tələbi idi. Rektor onu da diqqətə çatdırdı ki, Ulu öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır. İqtidar partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Heydər Əliyev irsinin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə partiyanın məqsəd və məramlarına varislik fonunda Azərbaycanın daha güclü və etibarlı gələcəyinin təminatçısı rolunu oynayır.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyidir”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti, Karyera mərkəzinin müdiri Əmirxan İsayev “Yeni Azərbaycan Partiyasının yaranması ərəfəsində Azərbaycanda ictimai- siyasi vəziyyət”, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclərlə iş üzrə sədr müavini, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Elmar Xəlilov “Heydər Əliyevin ideyalarının həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının fəaliyyəti”, Riyaziyyat fakültəsinin III kurs tələbəsi Nəcəf Nəcəfzadə “Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafında rolu” mövzularında məruzə ilə çıxış edərək, ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən bəhs etdilər. Bildirdilər ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, istiqlalımızın dönməzliyinin təmin olunması, ölkədə həyata keçirilən geniş və çoxşaxəli islahatlar məhz YAP-ın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adı ilə bağlıdır. Həyata keçirilən siyasət iqtidar partiyası kimi onun nüfuzunu gündən-günə daha da artırır.
Sonda partiya sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.
Mətbuat xidməti