Tələbələrimiz “Təbiətimiz” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak etdilər
Sumqayıt Dövlət Universitetinin tələbələri Azərbaycan Respublikasının Gənclər Fondu, ASAN Xidmət və İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə dekabrın 4-də Sumqayıt bulvarı və dənizkənarı parkda “Təbiətimiz” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak etdilər. Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov, müəllim və tələbələr aksiyada fəal iştirak etdilər.
Aksiyanın əsas məqsədi ağac əkməklə ekoloji tarazlığın bərpa olunması, təbiətimizin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması və ətraf mühitin qorunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsindən ibarətdir.
Qeyd edək ki, ağac əkilən ərazidə əvvəlcə müvafiq iməcilik işləri aparıldı. Aksiya çərçivəsində ağaclar əkildi, ərazi tullantılardan təmizləndi.
Mətbuat xidməti