Avropa İttifaqının TVİNNİNQ layihəsi üzrə Kimya mühəndisliyi ixtisasının özünü qiymətləndirmə hesabatının müzakirəsi keçirildi
Dekabrın 5-də Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyi ilə Avropa Komissiyasının birgə “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində avropalı və yerli ekspertlərlə növbəti görüş keçirildi.
Görüşdə Fransanın Strasburq Universitetinin, Latviya Universitetinin, AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, Xəzər Universitetinin nümayəndələri və Təhsil Nazirliyinin koordinatoru iştirak etdilər.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov xarici və yerli ekspertləri salamladı, universitetin fəaliyyəti, struktur və tədris proqramları, o cümlədən Tvinninq layihəsi çərçivəsində görülən işlərdən bəhs etdi.
Sonra pilot ixtisas kimi seçilmiş Kimya və biologiya fakültəsinin Kimya-mühəndisliyi ixtisasının təhsil proqramının özünüqiymətləndirmə hesabatının yoxlanılması həyata keçirildi.
Ekspertlər universitetin rəhbərliyi, özünütəhlil qrupunun üzvləri, professor-müəllim heyəti, tələbələr, məzunlar, işəgötürənlərlə görüşlər keçirdi, Kimya və biologiya fakültəsinin laboratoriyaları, auditoriyaları ilə tanış oldular, universitetin elmi kitabxanasındakı təhsil resurslarına baxış keçirdilər.
Ekspertlər Sumqayıt Kimya Parkının kompleks proqram üzrə yaradılmasının universitetdəki ali təhsil ilə tam uzlaşdığını, Kimya mühəndisliyi ixtisası üzrə qoyulmuş hədəflərin və təlimin nəticələrinin əsasən əldə olunduğunu və son illər burada aparılan məqsədyönlü işlərin, o cümlədən maddi texniki bazanın gücləndirilməsini qeyd edərək, bu prosesə SOCAR-ın, Azərikimya İB və digər şirkətlərin daha çox cəlb edilməsini arzuladılar. Təlimin nəticələrinin əldə edilməsində Kimya mühəndisliyinin müxtəlif sahələrinin, məsələn üzvi maddələr və polimerlərin kimyəvi texnologiyasının, məmulatların və mühüm məhsulların alınmasının mühəndis əsaslarının vəhdət halında olduğu qeyd edildi. Ekspertlər özünütəhlil qrupunun gördüyü hesabatı bəyəndiyini, universitetin strateji idarəetməsi, tədris proqramları, elmi-tədqiqat fəaliyyəti, insan resursları, tələbələrlə iş, təlim resursları və tələbələrə dəstək istiqamətləri üzrə göstəriciləri yüksək qiymətləndirdilər, tələbələrin hazırcavab, bacarıqlı və savadlı olduqlarını qeyd etdilər.
Məzunlar və işə götürənlərlə görüş də maraqlı keçdi və komissiya üzvlərində xoş təəssürat yaratdı. Onların potensialından daha çox istifadə olunması tövsiyə olundu. Məzunlarımız və qonaqlarımız şəhərimizdə olan yeganə universitetlə fəxr etdiklərini, burada aparılan köklü dəyişiklikləri dəstəklədiklərini bildirdilər.
Qeyd edək ki, ekspertlər yaxın vaxtlarda ətraflı hesabatı hazırlayaraq, Təhsil Nazirliyinə və universitetə təqdim edəcəklər.
Mətbuat xidməti