III Debat Forumunun mükafatlandırma mərasimi keçirildi
Dekabrın 7-də Sumqayıt Dövlət Universitetində “İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır” mövzusunda III Debat Forumunun bağlanış və mükafatlandırma mərasimi keçirildi.
Final mükafatlandırma və bağlanış mərasimində açılış nitqi ilə çıxış edən Azad Həmkarlar İttifaqı Komitəsinin rəhbəri dosent Elmar Xəlilov debatların gənclərin inkişafında oynadığı xüsusi roldan, Milli Debat Proqramının fəaliyyətindən, gördüyü işlərdən, qazandığı uğurlardan danışdı. Final mərhələsində iştirak edən komandalara uğurlar arzuladı.
Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi Layihələr Departamentinin rəhbəri İsmayıl Qəhrəmanov çıxış edərək bildirdi ki, gənclər debat vasitəsilə natiqlik sənətinə, inandırmaq və təsir göstərmək bacarığına yiyələnir, özlərində tənqidi təfəkkürü inkişaf etdirir, cəmiyyətimiz üçün aktual mövzuları fərqli baxışlardan təhlil edir, bununla da, Azərbaycanın gənclər siyasətində fəal iştirak edirlər.
Debat klubunun sədri Emil Məmmədov final oyunu haqqında məlumat verdi, komandaları təqdim etdi.
Sonra finalda Riyaziyyat fakültəsinin “Elita”, Tarix və coğrafiya fakültəsinin “İstiqlal” komandaları yarışdı. Nəticədə, “İstiqlal” komandası forumun qalibi oldu.
Mərasimdə qalib və finalçılar, ən yaxşı natiqlər təltif edildilər.
Mükafatlandırma mərasimində Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxış edərək, debatların tarixindən söhbət açdı, debat təlimləri, turnirləri və belə forumların gənclər üçün önəmindən bəhs etdi. Prorektor forumun final mərhələsində iştirak edən bütün debatçıları təbrik etdi, davamlı şəkildə keçirilən debat turnirlərində aktual mövzuların müzakirəyə çıxarılmasının təqdirəlayiq hal olduğunu vurğuladı.
Sonda qalib komandaya kubok və medal, ən yaxşı natiqlərə medal, bütün iştirakçılara sertifikatlar verildi.
Mətbuat xidməti