SDU-da Gənclərlə əmək bazarında aktual olan peşələr barədə müzakirələr aparıldı
Dekabrın 9-da Sumqayıt Dövlət Universitetində “Gənclik və Maarifçilik” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin peşələri – gənclərlə peşəyönümlü tədbirləri” adlı layihə çərçivəsində dəyirmi masa keçirildi.
Tədbirdə universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sadri Elmar Xəlilov çıxış edərək, Azərbaycan gəncliyinin bugünkü inkişafının, əldə etdiyi mühüm uğurların əsasında Ulu öndər Heydər Əliyevin diqqət və qayğısının, uzaqgörənliklə əsasını qoyduğu dövlət gənclər siyasətinin yüksək səviyyədə reallaşdırılmasının dayandığını bildirdi. Qeyd etdi ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Layihənin eksperti dosent İlham Əhmədov layihə haqqında ətraflı məlumat verərək bildirdi ki, “Gənclik və Maarifçilik” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun 2019-cu il qrantı hesabına “Gələcəyin peşələri –gənclərlə peşəyönümlü tədbirləri” adlı layihə icra olunur. Layihə çərçivəsində bir sıra tədbirlər gerçəkləşdirilir. Tədbirlər çərçivəsində gənclərlə perspektiv əmək bazarında olan transformasiyalar, azperspektivli peşələr, yəni yarana bilən və əmək bazarında aktual olan peşələr, əmək bazarının perspektivləri və qlobal meyilləri müzakirə edilir. Tədbirlərdə həmçinin gənclərə XXI əsrin vərdişləri, bu vərdişlərə yiyələnmək yolları və s. barədədə məlumat verilir. Dosent İlham Əhmədov onu da qeyd etdi ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilərək, bacarıqlarının stimullaşdırılması üçün hərtərəfli şərait yaradılıb.
Tədbirdə mövzu ətrafında müzakirələr aparıldı, iştirakçıların çoxsaylı sualları cavablandırıldı.
Mətbuat xidməti