Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda elmi-praktik konfrans öz işinə başladı
Yerləşdirilmə tarixi : 12 Dekabr 2019 15:48
SDU-da “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda elmi-praktik konfrans öz işinə başladı
Xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsini daim uca tutan Azərbaycan xalqı onun vəfatınının 16-cı ildönümünü ehtiramla yad etdi.
Dekabrın 12-də Sumqayıt Dövlət Universitetinin kollektivi ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla andı.
Sonra universitetin Akt zalında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda elmi-praktik konfrans öz işinə başladı.
Müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən, bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynamış ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında əvəzsiz xidməti olmuş və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazmışdır. Odur ki, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır. Məhz çoxillik siyasi və dövlətçilik fəaliyyəti sayəsində Ulu öndər Heydər Əliyev ümummilli lider statusu qazanıb. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin çoxəsrlik tarixində birinci ümummilli liderdir. Ümummilli liderlik Heydər Əliyevin milli dövlətçilik istedadının ardıcıl və məqsədyönlü fəaliyyətinin mühüm nəticəsidir. Rektor onu da qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı Dövlət Proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Rektor rəhbərlik etdiyi kollektivin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin qorunması işində səylərini daha da artıracağını, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini vurğuladı.
Tarix və coğrafiya fakültəsinin dekanı Əməkdar müəllim, professor Adil Baxşəliyev “Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti”, Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Şəlalə Məmmədova “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, fəl.f.d Osman Hacıyev “Heydər Əliyevin təhsil siyasəti”, Mühəndislik fakültəsinin III kurs tələbəsi Ülkər Abıyeva “Heydər Əliyevin azərbaycançılıq ideologiyası”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samir Məhərrəmov “Azərbaycan Dövlətçiliyi ənənəsində varislik - İlham Əliyev” mövzularında məruzələrlə çıxış etdilər. Bildirdilər ki, Ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verir.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az