“Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi ” mövzusunda maarifləndirici tədbir keçirildi
Dekabrın 13-də Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi ” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova çıxış edərək, erkən nikahın səbəbləri, nəticələri və bu problemlərlə bağlı digər bir sıra məsələlərdən danışdı, gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolunun olduğunu vurğuladı. Dosent Sona Məhərrəmova erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verdi.
Tədbirdə çıxış edən Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Aypara Əliyeva və digər çıxışçılar bildirdilər ki, qadın azadlıqlarını məhdudlaşdıran və zorakılığa yol açan ən böyük bəlalardan biri də erkən nikah və qeyri-rəsmi evliliklərdir. Erkən nikah və qızların təhsildən yayınması mövzusundan danışan natiqlər bildirdilər ki, təhsil və maariflənmə bütün azadlıqlardan üstündür!
Çıxışlardan sonra erkən nikah mövzusunda videoçarx izləndi. Tələbələri maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti