SDU-da ənənəvi olaraq “Açıq qapı günü” keçirildi
Dekabrın 13-də Sumqayıt Dövlət Universitetində ənənəvi “Açıq qapı günü” keçirildi. SDU-nun rəsmi internet portalında əvvəlcədən yerləşdirilmiş elana uyğun olaraq, “Açıq qapı günü”ndə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil alan tələbələrin valideynləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak etdilər.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qonaqlarla görüşdü. Qeyd etdi ki, SDU-da ənənəvi olaraq “Açıq qapı günləri” təşkil edilir. Universitetdə valideynlərə övladlarının həm dərs, həm də imtahan prosesini müşahidə etmələri üçün hər cür şərait yaradılıb. Bu da tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin olunmasından xəbər verir. Ölkənin savadlı kadr potensialı məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Sumqayıt Dövlət Universiteti də bu istiqamətdə mühüm addımlar ataraq, uğurlar əldə edir. Son illər Sumqayıt Dövlət Universitetində kadr potensialı öz yetirmələri ilə yenilənir. Məzunlarımız laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayır. Bu da Prezident cənab İlham Əliyevin həyata keçirdiyi Gənclər siyasətinin bariz nəticəsidir.
Prorektor Ramiz Hüseynov qonaqlara universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, bu istiqamətdə görülən işlərdən bəhs etdi. Bildirdi ki, universitetimiz Avropa təhsil məkanına inteqrasiya istiqamətində mütəmadi olaraq dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi-pedaqoji mübadilələr həyata keçirir. Prorektor struktur və tədris proqramları, o cümlədən Tvinninq layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, universitetimizin Avropa İttifaqı tərəfindən maliyyələşən proqramlarda iştirak etməsi artıq bir ənənəyə çevrilmişdir. Əsas hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsidir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviyadan olan müvafiq təhsil qurumlarının və Azərbaycanın Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi Azərbaycan ali təhsil sisteminin inkişafına töhfələr verir. Universitetdə Tvinninq layihəsi çərçivəsində həyata keçirilən seminarlar, təlimlər, özünütəhlil prosesinə maraqlı qurumların nümayəndələrinin cəlb olunması, onların fikir və təkliflərinin nəzərə alınması, birgə keçirilən tədbirlər, eləcə də professor-müəllim heyətinin bilik, səriştə və bacarıqlarının yüksəldilməsi, universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, müasir infrastrukturun qurulması, idarəetmənin optimallaşdırılması, kitabxanaların, Dissertasiya Şurasının fəaliyyətinin gücləndirilməsi, dövri elmi nəşrlərin təkmilləşdirilməsi, ixtisasartırmanın keyfiyyətli təşkili, universitetə yüksək biliyə malik gənclərin cəlb edilməsi, universitetin beynəlxalq əlaqələri, yerli və beynəlxalq layihələrdə iştirakı, tədris-təlim prosesində dəyişikliklər barədə müzakirələr aparılır, nəticədə, fakültələrin hesabatı yüksək qiymətləndirilir.
Prorektor çıxışında onu da vurğuladı ki, universitetdə auditoriya və laboratoriyaların müasir standartlara uyğunlaşdırılmısı ilə bağlı müvafiq işlər görülmüş, ali məktəbin bütün tədris binalarında təmir işləri uğurla başa çatdırılmış, bir çox fakültələrdə yeni tədris laboratoriyaları istifadəyə verilmişdir. Tədris prosesini daha da mükəmməlləşdirmək, maddi-texniki bazanı inkişaf etdirmək məqsədilə tədris laboratoriyaları üçün yeni müasir qurğular alınmışdır.
Sonra valideynlər KİV nümayəndələri ilə birgə müxtəlif fakültələrdə dərs prosesini izlədilər. Valideynlər auditoriyalarda övladları ilə birlikdə mühazirə dinlədilər, tələbələr üçün yaradılan şəraitlə tanış olub, tədris və elmi-tədqiqat laboratoriyalarında oldular. Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev fakültədə yeni yaradılmış laboratoriyalar barədə ətraflı məlumat verdi. Bildirdi ki, İnformasiya və kompüter texnikası kafedrası üçün “Elektronika”, Mikroprosessorlu idarəetmə və rəqəmsal sistemlər tədris laboratoriyasına aid 4 stend, Proseslərin avtomatlaşdırılması kafedrası üçün “Nəzarət - ölçmə cihazları”, “Proqramlaşdırılan məntiqi kontrollerlər”, Avtomatlaşdırma texnikası və Tənzimləmə sistemlərinin öyrənilməsi tədris laboratoriyalarına isə 6 stend alınmışdır. Qeyd edək ki, bu yeni laboratoriyalarda tələbələr Tənzimləmə texnikası, Proqramlaşdırılan məntiqi kontrollerlər,Texnoloji ölçmələr, Sensor sistemləri fənlərində laboratoriya işləri vasitəsilə idarəetmə sistemlərinin müasir texniki avadanlıqları ilə işləmə bacarığı və praktik vərdişlər əldə edəcəklər.
Fizika və elektroenergetika fakültəsinin dekan müavini Nailə Sərdarova fakültədə görülən işlər və laboratoriya üçün alınan qurğular barədə məlumat verdi. Qeyd etdi ki, Almaniyadan yeni laboratoriya qurğuları alınmışdır ki, bu avadanlıqlarda yarımkeçiricilər fizikası fənnindən 12, Elektrik maşınlarının əsasları fənnindən 50-dən çox, Elektrik maşınları fənnindən 15-dən çox laboratoriya işləri yerinə yetirmək mümkün olacaq. Laboratoriyalardakı elmi-tədqiqat işləri günün tələbinə uyğun aparılır. Fizika və elektroenergetika fakültəsində yaradılan yeni laboratoriyalar Elektrik mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Fizika və Fizika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarına yiyələnməsi üçün xidmət edir. Yeni laboratoriyalardan Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr Elektrik maşınlarının əsasları və Güc elektronikası və intiqalın idarə edilməsi fənlərindən laboratoriya işlərini yerinə yetirərkən istifadə edə biləcəklər.
Qonaqlar açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonu ilə, tələbələrin dil biliklərini təmannasız artırmaq üçün yaradılmış Linqvistik Mərkəzin fəaliyyəti, Heydər Əliyev Mərkəzi, Elmi kitabxana, idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər ilə tanış oldular.
Valideynlər yaradılan şəraitə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər, universitetin gündən-günə artan nüfuzunun daha da möhkəmlənməsində uğurlar, müvəffəqiyyətlər arzuladılar.
Mətbuat xidməti