Alimlərimizin xarici alimlər ilə birgə apardıqları elmi əməkdaşlıq uğurla inkişaf edir
Son illər təhsil və elmi yaradıcılıq sahəsində digər qonşu ölkələrlə qarşılıqlı əlaqələrin möhkəmləndirməsi dövlətimizin daim diqqət mərkəzindədir. Müstəqillik qazandıqdan sonra Azərbaycanla Rusiya Federasiyası arasında həm iqtisadi, həm də mədəni, o cümlədən elm və təhsil sahəsində ikitərəfli münasibətlərimizin durmadan inkişafı buna bariz nümunədir. 2015-ci ildə əsası qoyulan, bu gün hər iki dövlətin 53 universitetini birləşdirən Rusiya – Azərbaycan Universitetləri Assosiasiyası buna əyani misal ola bilər. Bu iki dövlət universitetləri assosiasiyası təhsil və elmi yaradıcılıq sahəsində qarşılıqlı əlaqələrin möhkəmləndirməsində bir körpüdür. Assosiasiya elm və təhsil sahəsində əməkdaşlıq ideyalarının praktik olaraq reallaşdırılmasına, müstəqil dövlətlərin konkret şərtləri altında ali təhsil islahatlarının aparılmasında dünya təcrübəsinin mənimsənilməsilə vahid təhsil məkanının və humanitar əməkdaşlığın qorunması və inkişafına yönələn tədbirlər həyata keçirir. Elm və təhsil sahəsində universitetlərin əməkdaşlığının yüksəlməsinə xidmət göstərən assosiasiya, həm də ölkələrimizin intellektual potensialının artmasına kömək edir.
Qeyd edək ki, Rusiya – Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası 2015-ci ilin noyabr ayında yarandı və buraya Rusiya tərəfdən 36, Azərbaycan tərəfdən 17 ali təhsil müəssisəsi daxil edildi. Rusiya – Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri SDU-nun rektoru professor Elxan Hüseynov, Rusiya tərəfdən həmsədri UDNTU-nun rektoru akademik Ramil Baxtizindir.
Assosiasiya çərçivəsində reallaşdırılan proqram və beynəlxalq layihələr uğurla gerçəkləşir. Cari ilin iyulun 14-dən 21-dək Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin dəstəyi, Rusiya – Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə “Odlar yurdu Azərbaycana səyahət” adlı Yay məktəbi yüksək səviyyədə təşkil edildi. Rusiya – Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası yaradılan gündən SDU-nun rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə keçirilən forumlarda, tələbə forumlarında iştirak edirlər. Eyni zamanda rusiyalı alimlər SDU-da təşkil olunan elmi konfranslarda iştirak edir, elmi-tədqiqat işlərinin nəticələrini qarşılıqlı olaraq "Elmi xəbərlər” jurnallarında nəşr etdirir, vaxtaşırı olaraq tələbələrə məharət dərsləri keçirlər. İldən-ilə Rusiya Federasiyasının alimləri ilə elmi əlaqələr daha da inkişaf edir. 2019-cu ildə SDU-nun professorları: T.D.Ağayev və C.F Məmmədovun Ufa Dövlət Aviasiya Texniki Universitetinin xəbərlərində həmin universitetin professorları: B.E.Qvozdev və N.İ.Yusupova ilə birgə tərtib etdikləri “Urbanizasiya olunmuş ərazilərin hava hövzəsinin vəziyyətinin analizi üçün proqram modulları və riyazi təminat” və Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Beynəlxalq Akademiyasının (Sankt-Peterburq) Elmi əsərlərində “Kimyəvi təhlükəli müəssisələri olan şəhərlərdən təxliyənin idarəedilməsi prosesinin bəzi modelləri” mövzularında dərc olunan məqalələr buna misal ola bilər. Belə əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradır, bu isə öz növbəsində ali təhsil müəssisələri arasında əməkdaşlığa, ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir göstərir.
Mətbuat xidməti