SDU-da akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunmuş “Çətin yollar yolçusu” adlı tədbir keçirildi
Dekabrın 17-də Sumqayıt Dövlət Universiteti və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə təşkil olunmuş görkəmli ədəbiyyatşünas və tənqidçi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunmuş “Çətin yollar yolçusu” adlı tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları universitetin Böyük Akt zalının foyesində akademik Məmməd Cəfər Cəfərovun kitablarından ibarət sərgiyə baxış keçirdilər. Sərgidə alimin Azərbaycan və rus dillərində yazılmış “Klassiklərimiz haqqında”, “Seçilmiş əsərlər”, “Həyatın romantikası”, “Cəlil Məmmədquluzadə”, “Əntiqə adamlar”, “XIX əsr rus ədəbiyyatı”, “Sənət yollarında”, “M.F.Axundovun ədəbi-tənqidi görüşləri”, “Səni kim unudar”, “Azərbaycan-rus ədəbi əlaqələri tarixindən”, “Mütəfəkkirin şəxsiyyəti”, “Hüseyn Cavid”, “Rus klassikləri”, “Taras Şevçenko”, “Get dolangilən, xainsən hələ” əsərləri və “Məmməd Cəfər. Biblioqrafiya” kitabları nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov qonaqları salamladı, Prezident cənab İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən və ədəbiyyatşünas alimin səmərəli elmi fəaliyyətindən, onun XIX əsr rus ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılmasındakı xidmətlərindən danışdı. Qeyd etdi ki, akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Onun geniş, əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur. Prorektor onu da qeyd etdi ki, pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərmişdir. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Ölkəmizdə ədəbiyyatın digər sahələrinin inkişafında onun çox böyük xidmətləri olub. Alimin üçcildlik “XIX əsr rus ədəbiyyatı tarixi” (1970, 1974) kitabları Azərbaycanda rus ədəbiyyatı ilə bağlı qələmə alınmış ən sanballı elmi əsərlər sayılır.
Tədbirdə Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Rafiq Yusifoğlu “Məmməd Cəfər və dünya ədəbiyyatı”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Məmməd Cəfər Cəfərovun elmi irsi nəzəri baza kimi”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nemət İbayev “Müdriklik zirvəsində Məmməd Cəfər”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin əməkdaşı filologiya elmləri doktoru Pərvanə İsayeva “Cəlil Məmmədquluzadə və Hüseyn Cavid yaradıcılığı Məmməd Cəfər Cəfərovun tədqiqatlarında”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Dəyanət Cümənov “Məmməd Cəfər Azərbaycan romantizminin tədqiqatçısı kimi” mövzularında çıxış etdilər. Ədəbiyyatşünas alim Məmməd Cəfər Cəfərovun böyük ziyalı, nurlu şəxsiyyət olduğunu, onun ölkə və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazdığını bildirdilər. Qeyd etdilər ki, ədəbiyyat tariximizin öyrənilməsində Məmməd Cəfər Cəfərovun əvəzedilməz xidmətləri var.
Sonra tələbələrin ifasında akademik Məmməd Cəfər Cəfərovun "Əntiqə adamlar” adlı hekayələr kitabından “Orası da doğrudur” adlı kompozisiya nümayiş olundu.
Mətbuat xidməti