“Ekoloji təhlükəsizlik, mövcud vəziyyət və problemlər” mövzusunda tədbir keçirildi
Dekabrın 17-də Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə və Kimya və biologiya fakültələrinin təşkilatçılığı ilə “Ekoloji təhlükəsizlik, mövcud vəziyyət və problemlər” mövzusunda tədbir keçirildi.
Tədbirdə Təmiz şəhər ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev, Sumqayıt şəhər 4 saylı Regional ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini və əməkdaşları, Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov, Sumqayıt şəhər Bələdiyyəsinin Yerli İqtisadi İnkişaf Məsələləri komissiyasının sədri Fəxrəddin Ağarəhim Rəhimov, Sağlam mühit Sağlam gələcək QHT İcraçı direktoru Vüsal Hətəmov, Sumqayıt şəhər Təmizlik departamentinin direktoru Atəş Rüstəmov və departamentin şöbə müdiri Anar Mustafayev, Sumqayıt şəhər 1 saylı Gənclər Uşaq Mərkəzinin direktoru Əntiqə Rzayeva, Ekoloji diyarşünaslıq şöbəsinin müdiri Sevinc Məhərrəmova və universitetin müəllim-tələbə heyəti iştrak etdilər.
Tədbiri Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq, qonaqları salamladı, tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub-saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir. Təbii ki, hər bir ölkənin özünəməxsus ətraf mühit strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir. Azərbaycan son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmiş və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilmişdir. Prorektor onu da qeyd etdi ki, ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident cənab İlham Əliyev ölkədə ekoloji problemlərin həllinin dövlət siyasətinin prioritet məsələsi olduğunu vurğulayaraq demişdir: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda ölkəmizin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Son nəticədə, ən önəmli sahə budur. Neft, qaz tükənən sərvətlərdir. Onların müvəqqəti önəmi var. Ancaq təbiət, ətraf mühit – bu, daimi sərvətdir. Əsrlər boyu, minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq. Ona görə biz bu məsələlərə çox böyük önəm veririk. Çalışırıq ki, ekoloji proqramların icrasında Azərbaycan qabaqcıl yerlərdə olsun”. Dövlət başçısının bu fikrinin məntiqi nəticəsi olaraq bu istiqamətdə genişmiqyaslı layihələr gerçəkləşir.
Təmiz şəhər ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev “Bakı şəhərində bərk məişət tullantılarının idarə edilməsi”, Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin şöbə müdiri Asəf Aslanov “Dayanıqlı inkişafda ekologiyanın rolu”, Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı Turanə Qocayeva “Plastik kütlələrin insan orqanizminə təsiri” mövzularında məruzə etdilər. Məruzələr ətrafında maraqlı müzakirə aparıldı.
Mətbuat xidməti