SDU-da pilot ixtisasda təhsil alan tələbələr üçün ERASMUS+EQAC layihəsi çərçivəsində sorğu keçirildi
Dekabrın 18-də Sumqayıt Dövlət Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində tələbələr arasında sorğu keçirildi.
Məlumat üçün bildirək ki, təhsil proqramlarının, sillabusların Avropa təhsil məkanına uyğunlaşdırılması, Avropa standartlarına əsaslanaraq hazırlanması prosesi Sumqayıt Dövlət Universitetində çoxdan başlamışdır. Bununla əlaqədar olaraq pilot ixtisaslar seçilmiş, pilot tələbə qrupu, tələbə fokus qrupu yaradılmış, pilot tələbələrə təlimlər keçilmişdir. Seçilmiş pilot ixtisas kompüter mühəndisliyi olduğu üçün sorğu Mühəndislik fakültəsinin pilot tələbələri arasında aparılmışdır.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və Keyfiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi haqqında təqdimatla çıxış etdilər.
Sorğuda fokus tələbə heyətindən başqa, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İnformasiya və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Mənsurov, Mühəndislik fakültəsinin baş müəllimi Rasim Rəsulov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, layihə çərçivəsində Keyfiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları iştirak etdilər. Təlim bitdikdən sonra layihə çərçivəsində koordinator universitet olan Bakı Biznes Universiteti tərəfindən hazırlanmış tələbə sorğu blankları paylanıldı, tələbələr həmin sorğunu cavablandırdılar. Qeyd etmək lazımdır ki, sorğular anonimlik təşkil edirdi. Sorğuda 19 tələbə iştirak etdi.
Layihənin iş planına uyğun olaraq pilot ixtisasda təhsil alan pilot tələbələr üçün sorğuların davamlı keçirilməsi nəzərdə tutulmuşdur.
Mətbuat xidməti