SDU-da “Elmlərarası inteqrasiya: linqvodidaktik, linqvokulturoloji və psixolinqvistik aspektlər” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başladı
Dekabrın 19-da Sumqayıt Dövlət Universitetində “Elmlərarası inteqrasiya: linqvodidaktik, linqvokulturoloji və psixolinqvistik aspektlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi.
Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərinin alimləri də iştrak etdilər.
Konfransı universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, qonaqları salamladı, onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi və ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram, layihələr barədə məlumat verdi. Bildirdi ki, qloballaşan dünyada elmlərin inkişafı bəsit şəkildə getmir. Elmlər hazırda bir-biri ilə müəyyən kəsikdə birləşərək, yeni elm sahələrini yaradaraq, ümumi inkişafa səbəb olur. Prorektor onu da diqqətə çatdırdı ki, öz kökləri ilə orta yüzilliklərə gedib çıxan Azərbaycan dilçiliyi uzun bir inkişaf yolu keçərək, XX əsrdə müasir elmi tələblər səviyyəsində formalaşmış və daha da təkmilləşərək, humanitar elmlər sırasında layiqli yerlərdən birini tutmuşdur. Azərbaycanda dilçilik elmi xüsusilə keçən əsrin 60-80-ci illərində zəngin inkişaf yolu keçmiş, böyük uğurlar və elmi nailiyyətlər qazanmışdır. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan dilinin müxtəlif yönümlərdən araşdırılması sahəsində məqsədyönlü elmi-tədqiqat işləri həyata keçirilmiş və onların nəticəsi olaraq bir sıra dəyərli monoqrafiyalar, dərslik və kitablar ərsəyə gətirilmişdir. Azərbaycan dilçiliyi uzun və şərəfli bir yol keçərək, bugünkü səviyyəsinə çatmışdır. Prorektor konfransın əhəmiyyətindən bəhs edərək bildirdi ki, elmlərarası inteqrasiya Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin beynəlxalq səviyyədə tanınmasına və nüfuz qazanmasına, eləcə də dünya dilçiliyində aparıcı yer tutan yeni sahələrin, qədim dillər və mədəniyyətlərin araşdırlmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə yol açır. Azərbaycan və dünya linqvistik irsinin, habelə bütövlükdə dilçilik elminin müasir səviyyəsinin öyrənilməsi, Azərbaycan dilçilik konsepsiyasını və dəyərlərini dünyaya çıxartmaq və dünya dilçiliyinin nəzəri fikirlərini Azərbaycana gətirmək mühüm əhəmiyyət kəsb edir. Bugünkü konfransımız da dilçilik elminin didaktika, kulturologiya, sosiologiya, psixologiya və s. elmlərlə əlaqəli öyrənilməsi problemlərinə həsr olunub. “Əminəm ki, yerli və xarici tədqiqatçı alimlərin məruzələri dilçilik elminə öz töhfəsini verəcək”.
Konfransda Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalın “Türk lüğətçiliyində yeniliklər və elektron lüğətlər”, Sumqayıt Dövlət Universitetinin professoru Ramazan Məmmədov “Dillərin kontrastiv-tipoloji tədqiqi, linqvistik interferensiya, linqvodidaktika”, Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Jarkınbekova Şolpan Kuzarovna “Təhsil məkanının islahatları şəraitində filoloji hazırlığın tətbiqi aspektləri”, Rusiyanın Kuban Dövlət Universitetinin dosenti Çepeleva Lada Metallovna, Ryabçenko N.A, Malışeva O.P. “Onlayn–məkanda yeni hibrid vahidlər sosial-davranış markerləri kimi”, Sumqayıt Dövlət Universitetinin dosenti Böyükxanım Eminli “Linqvokulturologiya milli mədəniyyətin dildə inikasını tədqiq edən sahə kimi” mövzularında məruzə ilə çıxış etdilər.
Qeyd edək ki, konfransa beş bölmə üzrə, xarici ölkələrin alimləri də daxil olmaqla, 218 məruzə toplu şəklində çap olunaraq, iştirakçılara təqdim olundu.
Konfrans işini bölmə iclaslarında davam etdirdi.
Mətbuat xidməti