Oktyabr ayının 3-də universitetimizdə “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə bayram tədbiri keçirildi. 
Tədbirdən öncə  universitetin rəhbərliyi Ulu öndərin  büstü önünə gül dəstələri qoyaraq ona olan  sonsuz ehtiramlarını  bildirdilər. 
Azərbaycan Dövlət Himninin  canlı  səsləndirilməsindən sonra  universitetin rektoru Elxan Hüseynov təbrik   nitqi söylədi. Daha sonra tədbir iştirakcılarını Dünya müsalmanlarının  həmrəylik və birlik bayramı olan Qurban bayramı münasibəti ilə təbrik etdi.  Onu da qeyd etdi ki, bu günkü tədbirin əzəməti  və böyüklüyü ondadır ki, ulu öndərimiz Heydər Əliyev bu sənətə həmişə hörmətlə  yanaşmış və mənim ücün müəllimdən şərəfli ad  yoxdur, müdrik kəlamını söyləmişdir. Bu gün ulu öndərin uzaqgörən siyasi kursunun mübariz  davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də təhsili dövlət  siyasətinin əsas prioritetlərindən biri hesab edir. Cənab prezident İlham Əliyev  demişdir: “Biz elə etməliyik ki,  gələcəkdə ölkəmizin uğurlu və uzunmüddətli inkişafını elm, biliklər,  texnologiyalar müəyyən etsin. Elmi-texniki tərəqqi hər bir ölkə üçün onun  gələcəyini müəyyən edən amillərdir. Xüsusilə XXI əsrdə ölkələrin gələcəyi  bilavasitə təhsilin, biliklərin səviyyəsindən asılı olacaqdır. Ona görə  uşaqlarımız bilikli, savadlı olmalıdırlar, dünyada gedən yenilikləri  bilməlidirlər. Əlbəttə ki, müəllim heyəti də təhsilin yüksək səviyyəsini təmin  etməlidir.
Ümid edirəm ki, hazırda təhsil sahəsində aparılan  islahatlar yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracaqdır. Bu günə  qədər müəyyən işlər görülübdür. Ancaq hesab edirəm bugünkü Azərbaycanın inkişaf  dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə  olmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki Azərbaycan xalqının çox  böyük potensialı vardır.” 
Rektor   universitetimizin qonağı YAP Sumqayıt şəhər  təşkilatının şöbə müdiri Vəzirxan Ənsərovu, professor- müəllim heyətini və  bütövlükdə kollektivi ürəkdən təbrik edərək onlara işlərində uğurlar, yeni-yeni  nailiyyətlər və ən vacibi olan can sağlığı arzuladı. 
Bu  gün biz müəllimlər öz peşə bayramımızı keçiririk. Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə  oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki,  ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən  müəllimini yada salır. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən zəhmətkeş  və ən ğözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən insanlar  həmişə müəllimə hörmətlə yanaşmışlar.
Təbii  ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş  dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə dövlətimizi  inkişaf etmiş dövlətlər sırasında aldıqları yüksək biliyin nəticəsi olaraq  layiqincə təmsil edirlər. Bu gün dünya dövlətləri birliyində istər  iqtisadiyyatımız, istərsə də siyasətdə qazandığımız böyük uğurlar yüksək  biliyin və bu biliyi öyrədən müəllimlərin zəhmətidir.
Universitetin bir qrup müəllimləri Təhsil  naziri  Mikayıl Cabbarovun əmri ilə  qabaqcıl təhsil işcisi döş nişanı, Respublika Həmkarlar İttifaqının və  universitet rəhbərliyinin fəxri fərman və hədiyyələri ilə təltif olundular.
Ulu öndərin müəllim  sənətinə verdiyi qiymətli kəlamlardan ibarət slayd nümayiş olundu.
Tədbir SDU-nun “Səma”  rəqs  ansamblı və respublikanın digər  tanınmış müğənnilərinin ifasında bayram konserti ilə davam etdirildi.
Mətbuat xidməti
                
             