SDU-da valideynlər növbəti dəfə imtahan prosesini izlədilər
Yanvarın 14-də Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin valideynlərinin bir qrupu və Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov, fakültə dekanları,Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının üzvləri payız imtahan sessiyasının gedişini müşahidə etdilər. Valideynlər tədris binalarında oldu, övladlarının və digər tələbələrin imtahan prosesini yaxından izlədilər.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov valideynləri universitetdə görməkdən məmnun olduğunu dedi, Sumqayıt Dövlət Universitetinin keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən, ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əməkdaşlığından bəhs etdi. Bildirdi ki, universitetimiz Xəzəryanı Dövlət Universitetləri və Rusiya- Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvüdür. Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet, bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır.
Prorektor imtahan prosesi barədə ətraflı məlumat verdi və valideynləri universitetlə tanış etdi. Universitetin qapılarının hər kəsə açıq olduğunu qeyd edən prorektor valideynlərin təkcə imtahan sessiyası zamanı deyil, istənilən vaxt dərslərdə iştirak edə biləcəklərini söylədi. Bildirdi ki, imtahan başlayandan mütəmadi olaraq universitetdə rektorluq yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə imtahan prosesi izlənilir. Məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir.
Sonra valideynlər universitetdə yaradılmış şəraitlə, müasir avadanlıqla təchiz edilmiş laboratoriyalarla tanış oldular və ayrı-ayrı fakültələr üzrə keçirilən imtahan otaqlarında, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsində oldular.
Kimya və biologiya fakültəsinin II kurs tələbələri: İlkin İbrahimovun valideyni Mübariz İbrahimov, Əfqan Xəlillinin valideyni Səlimə Xəlilli, I kurs tələbəsi Nərmin Qarazadənin valideyni Qalib Qarazadə, Riyaziyyat fakültəsinin I kurs tələbələri: Fidan və Ləman Əhədovaların valideyni Faiq Əhədov, Filologiya fakültəsinin II kurs tələbəsi Rəhilə Əhədovanın valideyni Rafael Əhədov , Mühəndislik fakültəsinin I kurs tələbəsi Məcid Əlizadənin valideyni Səbinə Əliyeva, həmin fakültələrin tələbələri: Vüsal və Emin Hacıyevlərin valideyni Elçin Hacıyev, Fizika və elektroenergetika fakültəsinin I kurs tələbəsi Ülviyyə Cəfərovanın valideyni Zülfiyyə İsmayılova , Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Arzu Mehdiyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Emil Məmmədovun xalası Aynur Məmmədova və digər valideynlər çıxış edərək, imtahan prosesində şəffaflığın tam təmin olunduğunu vurğuladılar, imtahan prosesində obyektivlik və şəffaflığın təmin olunmasında rəhbərliyin gördüyü tədbirləri yüksək qiymətləndirdilər.
Riyaziyyat fakültəsinin I kurs tələbələri: Fidan və Ləman Əhədovaların valideyni Faiq Əhədov çıxış edərək, son illər ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan yüksək diqqət və qayğısından, bu sahə üzrə qazanılan uğur və nailiyyətlərdən danışdı. Bildirdi ki, dövlət başçısının diqqət və qayğısı sayəsində Sumqayıt Dövlət Universiteti ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilmişdir. “Əminəm ki, Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələr öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutacaq, peşəkar bir kadr kimi yetişərək, ölkəmizin inkişafına töhfələr verəcəklər”. Faiq Əhədov universitetdə yaradılan şəraitə, tədris prosesinə və nizam intizam qaydalarına görə universitet rəhbərliyinə dərin təşəkkürünü bildirdi.
Mətbuat xidməti