Sumqayıt Dövlət Universiteti ilə «Qartal» tikinti firması arasında əməkdaşlıq müqaviləsi imzalandı
Qurulan hər bir əlaqə, imzalanan hər bir müqavilə münasibətlərin gələcək perspektivlərini müəyyən edir. Bu məqsədlə yanvarın 15-də Sumqayıt Dövlət Universiteti ilə Qartal tikinti firması arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqavilə hər iki qurum arasında birgə kadr hazırlığının aparılmasına, elmi və maddi-texniki potensialdan qarşılıqlı istifadə etməklə, əməkdaşların və tələbələrin nəzəri və təcrübi biliklərinin artırılmasına xidmət edəcək.
Rektor professor Elxan Hüseynov qonaqları salamladı və rəhbərlik etdiyi universitetin fəaliyyəti barədə məlumat verdi, bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, beynəlxalq əlaqələrindən, qazanılan uğurlardan söhbət açdı və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, SDU bir çox layihələrə imza ataraq, beynəlxalq əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırmaqla, mükəmməl bir ali təhsil müəssisəsi modelini yaratmışdır. Bir sözlə, beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq, Xəzəryanı Dövlət Universitetləri və Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvü olmuşdur. Rektor onu da diqqətə çatdırdı ki, Assosiasiya çərçivəsində SDU-nun rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə keçirilən forumlarda, konfranslarda iştirak etmişlər. Bu da universitetimizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsindən və böyük nüfuza malik olmasından xəbər verir. Rektor onu da qeyd etdi ki, universitet dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalamışdır. Həmçinin respublikada fəaliyyət göstərən bir çox müəssisələrlə əməkdaşlıq müqaviləsi mövcuddur ki, nəticədə, tələbələr ixtisaslarına uyğun istehsalat təcrübəsi keçirlər. Bu da günün tələbinə uyğun olaraq kadr potensialının formalaşmasına təkan verir.
Şirkətin fəaliyyəti haqqında geniş məlumat verən “Qartal” tikinti firmasının direktoru Şahin Məmmədov səmimi qarşılanmaya görə universitetin rəhbərliyinə və kollektivə dərin təşəkkürünü bildirdi, universitetlə firma arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etdi, diqqətə çatdırdı ki, məqsədimiz ölkəmizin milli iqtisadiyyatının inkişafına töhfə verməkdir. Şahin Məmmədov onu da bildirdi ki, imzalanacaq müqaviləyə əsasən tərəflər arasında birgə elmi və maddi-texniki potensialdan qarşılıqlı istifadə edilməsi, universitetin bakalavr və magistratura pilləsində təhsil alan tələbələrin bir qrupuna əməkhaqqı ödənilməklə bəzi ixtisaslar üzrə istehsalat təcrübəsinin təşkil edilməsi, yüksək nəticə göstərən tələbələrə təqaüd ödənilməsi, firmanın nəzdində fəaliyyət göstərən sertifikatlaşdırılmış Təlim-tədris Mərkəzinin tələbələr üçün kurs təşkil etməsi nəzərdə tutulur. Hündürlükdə montaj işləri üzrə mühəndis, Qövs qaynağı üzrə mühəndis ixtisasları üzrə sertifikatlar təqdim olunacaq, firma SDU-nun məzunları üçün vakant yerlər təqdim edəcək və onları işlə təmin edəcək. Bu da qarşılıqlı əlaqələrimizin inkişafına böyük töhfə verəcəkdir.
Sonra əməkdaşlıq müqaviləsini SDU-nun rektoru professor Elxan Hüseynov və “Qartal” tikinti firmasının direktoru Şahin Məmmədov imzaladı.
Daha sonra nümayəndə heyəti universitetin Heydər Əliyev Mərkəzində fotoşəkillərə və kitab sərgisinə baxış keçirdi, “Qartal” tikinti firmasının direktoru Şahin Məmmədov xatirə kitabına ürək sözlərini qeyd etdi. Qonaqlar Mühəndislik fakültəsində müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarla, universitetin II tədris binası və açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonu ilə də tanış oldular, təhsil müəssisəsinin maddi-texniki bazası ilə, tədrisin keyfiyyəti ilə maraqlandılar.
Mətbuat xidməti