Sumqayıt Dövlət Universiteti nəzdində yaradılmış FD 2.25 Dissertasiya Şurası fəaliyyətə başladı
Ölkəmizdə elm sahəsində aparılan uğurlu islahatlar, qəbul edilən fərman və sərəncamlar müsbət nəticələrə gətirib çıxararaq, mühüm nailiyyətlər əldə olunur. Bu gün elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın qorunub saxlanılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 27.12.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Dövlət Universitetinin nəzdində qeydiyyat nömrəsi FD 2.25 olan Dissertasiya Şurası yaradıldı. Dissertasiya Şurası 3337.01 – “İnformasiya-ölçmə və idarəetmə sistemləri”, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasları üzrə texnika elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün nəzərdə tutulub. Ali Attestasiya Komissiyasının 28 dekabr 2019-cu il tarixli F-156 saylı əmri ilə Dissertasiya Şurasının tərkibi 12 nəfərdən ibarət təsdiq edildi. Texnika elmləri doktoru, professor Aqil Həmid oğlu Hüseynov Dissertasiya Şurasının sədri, texnika elmləri doktoru, professor Əli Həsən oğlu Nağıyev sədr müavini, texnika elmləri namizədi, dosent Turqay Klim oğlu Hüseynov Dissertasiya Şurasının elmi katibi təyin edildi.
FD 2.25 Dissertasiya Şurası artıq fəaliyyətə başladı. 31 yanvar 2020-ci il tarixində Dissertasiya Şurasının ilk iclası keçirildi. İclasda şuranın sədri professor Aqil Hüseynov şura üzvlərini elmi dərəcələr verilməsi qaydası haqqında əsasnamədə edilmiş dəyişikliklərlə tanış etdi, Dissertasiya Şurasına müdafiə üçün dissertasiya işlərinin qəbulu qaydaları, eyni zamanda Dissertasiya Şurasına təqdim ediləcək sənədlərin siyahısı haqqında məlumat verdi. Həmçinin şura üzvlərinin həm elmi dərəcələr verilməsi qaydası haqqında əsasnamə, həm də Dissertasiya Şuraları nəzdində elmi seminarın fəaliyyətinin təşkili haqqında sənədlərlə tanış olmasını, həmin sənədlərdəki incəlikləri öyrənmələrini tövsiyə etdi.
İclasda Dissertasiya Şurasının fəaliyyəti ilə bağlı təşkilati məsələlər ətraflı müzakirə edildi.