Elmi Şuranın növbəti iclası keçirildi
Fevralın 7-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, şura üzvlərini salamladı və gündəlikdə olan məsələləri diqqətə çatdırdı.
2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə bakalavriat səviyyəsi üzrə Tədris-Metodik Mərkəzin direktoru baş müəllim Faiq Şirinov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, SDU-nun nəzdində SDTK üzrə SDTK-nın direktoru dosent Mətanət Pirquliyeva çıxış edərək bildirdilər ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik tam təmin olundu. Bu səbəbdən də payız semestrinin imtahan sessiyası uğurla başa çatdı. Tədris-Metodik Mərkəzin direktoru Faiq Şirinov qeyd etdi ki, imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı rektorun müvafiq əmrinə əsasən nəzarətçi-müəllim koordinatorlar müəyyənləşdirilmiş, imtahanlar təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq mütəşəkkil formada aparılmışdır. İmtahan vərəqələrinin kodlaşdırılması və yoxlama auditoriyasına verilməsi operativ formada həyata keçirilmişdir. Hər il olduğu kimi, bu il də imtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri təşkil olunmuşdur.
Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş doktorant və dissertantların doktorluq dissertasiyası mövzularının təsdiqi və elmi məsləhətçilərin təyini və Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, universitetin elmlər doktoru proqramı üzrə 4 nəfər: Vüsalə Babacanova, Səadət Hümbətəliyeva, Nemət İbayev, Osman Hacıyev doktoranturaya qəbul olunublar, onların doktorluq dissertasiya işlərinin mövzusu təsdiq edilib və elmi məsləhətçiləri təyin olunub. Professor Muxtar Səmədov onu da qeyd etdi ki, Elmi Şuraya 24 adda fənn proqramı daxil olub. Fənn proqramları uyğun kafedra iclaslarında, fakültə Elmi şuralarında müzakirə olunub. Tədris Metodik şuranın və SDU-nun Redaksiya və nəşr işləri şöbəsinin təqdimatı ilə nəşr olunmasına icazə verilməsi tövsiyə olunur. Aparılan müzakirələrdən sonra fənn proqramlarının nəşr olunmasına icazə verildi. Bununla da, Elmi Şuranın iclası başa çatdı.
Mətbuat xidməti