SDU-da Koronavirus ilə bağlı maarifləndirici tədbir keçirildi
Fevralın 14-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yeni koronavirus (2019-n CoV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil nazirinin 05 fevral 2020-ci il tarixli F-75 nömrəli əmri ilə təstiq edilmiş Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirildi.
Tədbirdə uşaq xəstəxanasının şöbə müdiri, şəhərin baş infeksionisti, Əməkdar həkim Sehri Babayev, FHN-nin Sumqayıt Regional Mərkəzinin həkimi, tibbi xidmət kapitanı Arzu Babazadə, Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu Lamiyə Məmmədova, 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin həkimi Aytən Abdullayeva və universitetin professor-müəllim heyəti iştirak etdilər.
Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, ölkə başçısının tapşırığına əsasən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığını, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyini bildirdi.
Uşaq xəstəxanasının şöbə müdiri, şəhərin baş infeksionisti, Əməkdar həkim Sehri Babayev bu virusun törətdiyi fəsadlardan və onlardan necə yayınmaq lazım olduğu barədə məlumat verdi.
Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu Lamiyə Məmmədova, FHN-nin Sumqayıt Regional Mərkəzinin həkimi, tibbi xidmət kapitanı Arzu Babazadə çıxışlarında koronovirusun yaranması tarixindən danışdılar. Bildirdilər ki, ilk dəfə 1960-cı ildə heyvanlarda aşkarlanan xəstəlik növbəti illərdə insanlara da yoluxub və 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS), 2012-ci ildə isə Orta Şərq Respirator Sindromu (MERS) şəklində tələfatlara səbəb olub. Koronavirusun Çinin Vuhan əyalətində üzə çıxan yeni növünün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2019-n CoV adlandırıldığını, zəif immunitet sistemi olan insanlara tez yoluxduğunu söylədilər. Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulmasının xəstəliyin ilk simptomlarından olduğunu deyən mütəxəssislər belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyini vurğuladılar.
Daha sonra həkimlər əməkdaşların mövzu ilə bağlı suallarını cavablandırdılar.
Mətbuat xidməti