Mayın 6-da Universitetin Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil və çiçəklənən Azərbaycanın memarıdır” mövzusunda elmi praktik konfrans keçirildi.
Əvvəlcə Ümummili Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Universitetin rektoru Elxan Hüseynov konfransı giriş sözü ilə açaraq bildirdi ki, adətən, tarix şəxsiyyətləri yetirir. Bütün zamanlarda tək-tək şəxsiyyətlər olur ki, onlar tarixi yaradırlar. Mübaliğəsiz deyə bilərik: onlardan biri Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevdir. Bu böyük şəxsiyyət müstəqil Azərbaycan dövlətinin memarıdır. Heydər Əliyev, eyni zamanda, dünya miqyasında tanınmış böyük siyasi və ictimai xadimdir. Bu bir həqiqətdir ki, bir çox ölkələrdə Azərbaycanı məhz bu dahi şəxsiyyətə, qüdrətli liderə görə tanıyırlar. Heydər Əliyev əzəmətli, bənzərsiz və təkrarsız insan, dahi şəxsiyyət idi. O, tarix yaradırdı. Çunki, özü tarixin canlı bir salnaməsi, daha doğrusu tarixin özü idi. Azərbaycan tarixinin uzun və şərəfli bir dövrü onun adı ilə bağlıdır. Tarixə qızıl hərflərlə həkk olunmuş bu ad bütün dillərdə eyni səslənir: Heydər Əliyev. Bütün varlığı, ruhu, duyğuları ilə xalqına bağlı olan, ömrünün 34 ilini milli dövlətçilik ideologiyasının inkişafına həsr edən, Azərbaycanı qarış-qarış qurub inkişaf etdirən Heydər Əliyev ölümü ilə belə ölümsüzlüyə qovuşdu. “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm” deyirdi Ulu öndər.
Rektor vurğuladı ki, Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi dövlətçiliyimizin ideoloji əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Qürur hissi və inamla qeyd etmək olar ki, bu gün artıq Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Dahi şəxsiyyətin vaxtilə söylədiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamı bu gün artıq nəinki Azərbaycanda, Böyük Türk dünyasında və inkişaf etmiş dünya ölkələrində öz təsdiqini tapıb.
Rektor Elxan Hüseynov qeyd etdi ki, Sumqayıt Dövlət Universitetinin çoxsaylı professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız Prezident cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov “Heydər Əliyev və Azərbaycan dövlətinin dil siyasəti”, Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Müstəqil Azərbaycanda dövlətçiliyin formalaşmasında Heydər Əliyevin xidmətləri”, YAP Sumqayıt şəhər təşkilatının şöbə müdiri Vəzirxan Ənsərov “Heydər Əliyevin həyat və fəaliyyəti”, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müəllimi, tarix üzrə fələsəfə doktoru Samir Kərimli “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası”, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev “Heydər Əliyev dövründə Azərbaycanda elmin və təhsilin inkişafı”, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor Əkbər Ağayev “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, SDU-nun YAP Gənclər təşkilatının sədri Səma Əsədova “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış etdilər.
Mətbuat xidməti