Tarixçilər Xocalı faciəsini andılar
Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Fevralın 24-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində faciə qurbanlarının xatirəsi anıldı.
Tədbirdə fakültənin müəllim və tələbə kollektivi iştirak etdi.
Tədbiri giriş sözü ilə fakültə dekanı professor Adil Baxşəliyev açaraq, Xocalı faciəsi və Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verdi. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiyini qeyd edən dekan Xocalı soyqırımının bəşəriyyət tarixində amansızlıqla törədilmiş ən qanlı faciələrdən biri olduğunu vurğuladı. Xocalı soyqırımının ermənilərin Azərbaycanda həyata keçirdikləri etnik təmizləmə siyasətinin davamı olduğunu diqqətə çatdırdı. Professor Adil Baxşəliyev onu da qeyd etdi ki, müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət vermişdir.
Dekan çıxışının sonunda əminliklə vurğuladı ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin gücünə arxalanaraq, dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımı kimi faciələr bir daha təkrar olunmayacaqdır.
Fəlsəfə, sosiologiya və politologiya kafedrasının muəllimi Jalə Fərhadova çıxış edərək, Xocalı faciəsinin dünyada, xüsusilə də İslam aləmində tanıdılması və bu soyqırımı hadisəsinin qınanması istiqamətində Azərbaycan hökuməti tərəfindən, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər haqqında məlumat verdi.
Tələbələr də çıxış edərək, Xocalı soyqırımının bəşər tarixində ən qanlı faciələrdən biri olduğunu vurğuladılar.
Tədbirin sonunda Xocalı həqiqətlərini əks etdirən videoçarx nümayiş olundu.
Mətbuat xidməti