Kimya və biologiya fakültəsində Xocalı faciəsinin qurbanları yad edildi
Fevralın 21-də Kimya və biologiya fakültəsində TGT və THİT-in təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri ümummilli lider Heydər Əliyevin “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” sözləri ilə açan Kimya və onun tədrisi metodikası kafedrasının müdiri Musa Mustafayev Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi.
Sonra Azərbaycan və Şərqi Avropa xalqları kafedrasının baş müəllimi Pərviz Cəfərov Xocalı soyqırımı və erməni təcavüzü barədə danışdı, ermənilərin işğalçılıq siyasətinin ancaq Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd etdi.
Daha sonra çıxış edən natiqlər də Qarabağda gedən müharibədə erməni vəhşiliklərinin müəyyən məqamları və Xocalı faciəsinin dəhşətləri haqqında danışdılar. Tələbələrin ifasında “Xocalı yası, “Xocalı soyqırımı” şeirləri, “Vətən əmanəti”, ”Qərənfil” , “Torpağın səsi”, “Cənab leytenant” musiqiləri səsləndirildi.
Mətbuat xidməti