İqtisadiyyat və idarəetmə fakültəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
Fevralın 26-da İqtisadiyyat və idarəetmə fakültəsində Xocalı qurbanlarının əziz xatirəsi yad edildi. İqtisadçılar bəşəriyyətə qarşı yönəldilmiş amansız cinayət - Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə tariximizin qan yaddaşına bir daha nəzər saldılar.
Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov soyqırımla bağlı çıxış edərək, Xocalı soyqırımının əvvəlcədən düşünülmüş şəkildə, azərbaycanlıların milli-etnik əlamətlərinə görə kütləvi surətdə məhv edilməsi məqsədi ilə həyata keçirildiyini dedi. Qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd gənc nəslə ermənilərin törətdikləri vəhşilikləri unutdurmamaq, onlara vətənpərvərlik hissləri aşılamaqdır.
Tələbələr də çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması və təbliğinin önəmindən geniş söz açdılar, Xocalıya həsr olunmuş şeirlər səsləndirdilər.
Çıxışlardan sonra Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olundu.
Mətbuat xidməti