Sumqayıt Dövlət Universiteti Prezidentin çağırışına qoşuldu
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının onlayn keçirilən iclasında verilmiş qərara əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat pul vəsaiti köçürüldü.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov Elmi Şuranın onlayn keçirilən iclasında qeyd etdi ki, koronavirus (COVİD-19) infeksiyası dünya ölkələrini narahat etməkdədir və təəssüf ki, sürətlə yayılmaqdadır. Azərbaycan ərazisində virusun geniş yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz operativ və qabaqlayıcı tədbirlər görür və bu işlər davam etdirilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur. Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qaldırılması işinə yardım məqsədilə ölkəmizdə fəaliyyət göstərən təşkilatlar könüllü olaraq Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edirlər. Bu tarixi hadisə Azərbaycan xalqının birliyini, bir yumruqda birləşdiyini bir daha sübut etdi.
Rektor onu da qeyd etdi ki, universitetdə dərslərin dayandırılmasına baxmayaraq, tədris prosesi onlayn qaydada bu gün də davam etdirilir.
Rektor Elxan Hüseynov şura üzvlərinə müraciətində hamıya bu məsələdə həmrəy olmağı, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyi tapşırdı.
Mətbuat xidməti