Filologiya fakültəsində təlim-tədris prosesi məsafədən təşkil edilir
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində də koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilməkdədir. Belə ki, koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində olduğu kimi, Filologiya fakültəsində də tədris prosesi onlayn və oflayn formada təşkil olunmuşdur.
Dekan dosent Sevinc Həmzəyeva fakültədə onlayn aparılmış dərs prosesi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, fakültənin mövcud dörd kafedrası da əvvəl dərslərinin oflayn qaydada təşkilinə hədəflənən, universitetin ERASMUS+ layihəsi çərçivəsində hazırlanmış moodle sisteminə qoşulmuş, daha sonra isə Təhsil Nazirliyi “Microsoft” şirkətinin texniki dəstəyi ilə tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanların təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə “Microsoft Teams” platformasından istifadəyə start vermişdir. Belə ki, fakültənin tədrisdə iştirak edən bütün müəllimləri, hal-hazırda tədris alan 31 əyani və 6 qiyabi qrup tələbələri sistemdən istifadə etmək üçün yaradılmış moodle.sdu.edu.az və teams.microsoft.com saytında qeydiyyatdan keçmiş, dərsləri onlayn formada təşkil etmişlər. Dərsin mənimsənilməsi üçün tələb olunan materiallar pdf və doc formatında sayta yerləşdirilmişdir. Tələbələr istədikləri vaxt bu materiallardan istifadə edərək dərslərə hazırlaşır, mühazirə materiallarını mənimsəyə bilirlər. Hal-hazırda kafedralar tərəfindən 2019-2020-ci il yaz semestrinin imtahan sessiyasının imtahan suallarının yerləşdirilməsi işi aparılır.
Mətbuat xidməti