İqtisadiyyat və idarəetmə fakültəsində tədris prosesi onlayn formada davam edir
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədris prosesi onlayn formada təşkil olunmuşdur.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yahyayeva bildirdi ki, bütün fakültələr kimi, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbə və müəllim heyəti də martın 12-dən etibarən WhatsApp üzərindən dərslər keçməyə başlamışdır. Dərslər universitetdə keçirilən dərs cədvəllərinə uyğun aparılır, mühazirə müəlliminin mühazirəsi WhatsApp qrupuna daxil olan tələbələrinin iştirakı ilə oxunulur. Mühazirə və məşğələ müəllimlərinin birgə işləməsi nəticəsində tələbələrə dərslər aydın şəkildə izah edilir.
Dekan onu da vurğuladı ki,tələbələr onlayn formada dərslərin təşkili üçün nəzərdə tutulan “Zoom meeting online” və “Trueconf online” sistemlərindən sürətlə istifadə edilir. Universitetin ERASMUS+ layihəsi çərçivəsində hazırlanmış moodle.sdu.edu.az sistemindən, daha sonra isə Təhsil Nazirliyi “Microsoft” şirkətinin texniki dəstəyi ilə tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanların təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə “Microsoft Teams” platformasından istifadəyə start verilmişdir. Hazırda Moodle sistemi ilə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin qeydiyyatı demək olar ki, başa çatdırılmışdır. I, II və III kurslarda 35 qrupa bütün tədris materialları paylanılmış, tələbələr həmin materiallarla təmin edilmişdir. Bundan başqa, universitet rəhbərliyinin tapşırığı ilə buraxılış kurslarında dövlət imtahan suallarının və I, II və III kurslarda 2019–2020-ci il yaz semestrinin imtahanlarına düşən sualların saytlarda yerləşdirilməsi işi aparılır.
Təhsilin qiyabi istiqaməti üzrə I kursların yarımçıq qalmış dərsləri, aprelin 1-dən isə II və III kursların dərsləri də onlayn keçirilir. moodle.sdu.edu.az və “Microsoft Teams” proqramı ilə işlər indi də davam etdirilir. Bunun üçün universitetdə koordinatorlar qrupu yaradılmışdır ki, buradan əldə edilən göstərişlər dərhal müəllimlərə çatdırılır. Bu işə tütorlar və qrup rəhbərləri cəlb edilmişdir.
Mətbuat xidməti