Əməkdaşlarımız beynəlxalq elmi-praktik seminarda onlayn iştirak etdilər
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar Sumqayıt Dövlət Universitetində elmi və tədrisdəki təcrübələrin bölüşülməsi, xarici mübadilələrin həyata keçirilməsi onlayn şəkildə təşkil edilir. Martın 26-27-də Belarusiya Təhsil Nazirliyinin dəstəyi ilə Belarusiya Baranoviç Dövlət Universitetində təşkil edilən XI Beynəlxalq elmi-praktik seminarda Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova və Beynəlxlaq əməkdaşlıq və xarici tələbələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Samirə Məmmədova onlayn iştirak etdilər. Seminarın mövzusu “Məktəbəqədər təhsil: təcrübə, problem, perspektivlər” adlanır.
Qeyd etmək lazımdır ki, seminarda iştirak üçün müəlliflər yanvar ayında “Məktəbəqədər təhsil müəssisələrində dərsliklərin və metodik işlərin idarə edilməsi” mövzusunda məqalə ilə müraciət edib, əyani iştirak üçün ərizə formasını doldurublar. Məlum koronavirus (COVİD - 19) virusunun dünyada yayılmasının qarşısının alınması üçün əyani iştirak məsafədən iştirakla əvəz olunduğundan əməkdaşlarımız beynəlxalq tədbirdə onlayn formada iştirak etməli oldular. Seminarın materialları dərc edilən jurnal pdf formatında müəllimlərin elektron ünvanlarına göndərilib.
Mətbuat xidməti