Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsi təhsilini “Evdə qal, təhsildən qalma” formatında davam etdirir
Yerləşdirilmə tarixi : 14 Aprel 2020 20:07
Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsi təhsilini “Evdə qal, təhsildən qalma” formatında davam etdirir
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq Sumqayıt Dövlət Universitetində tədris prosesi onlayn formada təşkil olunmuşdur.
Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev bildirdi ki, bütün fakültələrdə olduğu kimi bizim fakültədə də dərslər ilk öncə WhatsApp üzərindən keçirilirdi. Bunun üçün hər bir qrupun nümayəndəsi tərəfindən qrupun fənn WhatsApp qrupu yaradılmışdır. Müəllimlər dərs cədvəllərinə uyğun olaraq fənn qrupuna daxil olurlar və mühazirə, məşğələ, laboratoriya dərslərini keçirlər. Bütün bu prosesə dekanlıq və kafedra müdirləri birbaşa nəzarət edirlər.
Daha sonra universitetin Erasmus+ layihəsi çərçivəsində hazırlanmış Moodle sisteminə fakültəmizin 20 (bakalavr 17, magistr 3) qrupu qoşulmuşdur. Dərslərin mənimsənilməsi üçün lazım olan materiallar sayta yerləşdirilmişdir. Aprelin 1-dən qiyabi şöbə üzrə təhsil alan III kursların dərsləri də onlayn keçirilir. Dekan onu da vurğuladı ki, bu sistemdə 2019/2020-ci tədris ilinin yaz semestri üçün nəzərdə tutulmuş imtahan sualları da yerləşdirilmişdir.
Təhsil Nazirliyi Microsoft şirkətinin texniki dəstəyi ilə tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə “Microsoft Teams” platformasından istifadəyə start vermişdir. Bu platformada da müəllim və tələbə heyəti aktiv iştirak edir. Fakültəmizdə dərs deyən müəllimlər bu platformada dərsləri onlayn keçir.
Kafedra müdirləri kafedra iclaslarını Microsoft Teams platforması vasitəsilə (məsələn İnformasiya və Kompüter texnikası kafedrasının müdiri, dosent Qadir Mənsurov) onlayn keçirərək kafedranın gələcək planlarını müzakirə etmişdir. Kafedra əməkdaşları MS Teams patformasında dərslərin keyfiyyətini artırmaq üçün onlayn diskussiyalar aparmışlar.
Hal-hazırda moodle.sdu.edu.az və Microsoft Teams proqramı ilə paralel WhatsApp qruplarında da işlər davam etdirilir. Bunun üçün universitetin koordinatorlar qrupu yaradılmış və əldə edilən göstərişlər dərhal müəllimlərə çatdırılır. Tyutorlar və qrup rəhbərləri də bu işə cəlb edilmişdir.
Təhsil Nazirliyinin təşəbbüsü ilə “Evdə qal, təhsildən qalma” layihəsi çərçivəsində aprelin 9-da Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında onlayn formatda intellektual oyunu keçirildi.Oyunda 7 fakültənin komandaları iştirak etdi. Bu oyunda Mühəndislik fakültəsi III yerə layiq görüldü. Bundan əlavə fakültənin tələbələri tərəfindən “Evdə qal” kompaniyasına aid video rolik çəkilmiş və sosial şəbəkələrdə paylaşılmışdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az