Mayın  8-də Sumqayıt Dövlət Universitetində Şuşanın işğal olunmasının 23-cü ildönümünə  həsr olunmuş tədbir keçirildi.
  Əvvəlcə  vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik  sükutla yad edildi.
  Universitetin rektoru Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq  bildirdi ki, əsrlərdən bəri böyük Ermənistan xülyası ilə yaşayan ermənilər Azərbaycan  torpaqlarına sahib olmaq, öz məkrli niyyətini həyata keçirmək üçün tarixdə  görünməmiş cinayət və vəhşiliklərə, kütləvi qırğınlara, vandalizmə əl atmışlar.  Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Firudin bəy Köçərli, Nəriman bəy Vəzirov,  Xurşudbanu Natavan, Qasım bəy Zakir, Toğrul Nərimanbəyov kimi ziyalılarımızı və  tarixi şəxsiyyətlərimizi yetirən Şuşa tarix boyu alınmaz qala olmuşdur. 
  Rektor vurğuladı ki, Azərbaycanın  bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhəri  1992-ci ilin mayın 8-də Ermənistan silahlı  qüvvələri tərəfindən işğala məruz qalmışdır. Şuşanın işğalı nəticəsində 480  günahsız soydaşımız qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min insan öz  yurdundan didərgin düşmüşdür. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət  abidələri düşmən tərəfindən talan edilmişdir. Bu siyahıya Xan və Qaxal  mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni  abidə daxildir.
  Bu gün ermənilər Azərbaycana  məxsus olan bir çox abidələrimizi məhv edib və ya erməniləşdiriblər. 
  Rektor qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycanın  ayrılmaz hissəsidir və ölkə rəhbəri Prezident cənab İlham Əliyevin apardığı  uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü,  suverenliyini bərpa edəcək və Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalanacaqdır.
Tədbirdə universitetin prorektoru, dosent Nizami  Namazov çıxış edərək  söylədi ki, düşmənin  məkrli, arxalı və hiyləgər olduğunu qeyd etmiş, bu düşmənə qalib gəlmək üçün  birliyin, dünyanı öz həqiqətlərimizə yaxınlaşdırmağın vacibliyini diqqətə çatdırmışdır.  Artıq Qarabağ problemi bir xalqın problemi çərçivəsindən çıxaraq dünyanın qəlbində  demokratiya hissi olan insanların probleminə çevrilmişdir. Prorektor qeyd etdi  ki, bu cür tədbirlərin keçirilməsi vacibdir və tarixi yaddaşımızı yeniləyir.
Mətbuat xidməti
                
             