Mayın 8-də Ritorika  Universal Klubu Sumqayıt şəhər 10 nömrəli orta məktəbin şagirdlərinin iştirakı  ilə Şuşanın işğal olunmasının 23-cü ildönümü münasibətilə tədbir keçirdi.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər  üzrə prorektoru Nizami Namazov açaraq Şuşanın işğal tarixi, ermənilərin törətdikləri  vəhşiliklər haqqında məlumat verdi. Bildirdi ki, erməni qəsbkarları zaman-zaman  insanlığa sığmayan soyqırımı, etnik təmizləmə, terror siyasəti həyata keçirmişlər.  1992-ci il may ayının 8-də Azərbaycanın musiqi, mədəniyyət ocağı sayılan Şuşa şəhərinin yerlə-yeksan  edilməsi, tarixi abidələrimizin məhv edilməsi ermənilərin Azərbaycan xalqına  qarşı mənfur siyasətinin nəticəsidir. 
Bu gün şuşalıların  respublikanın 59 rayonunda, 700 yaşayış məntəqəsində məskunlaşdığını xatırladan  prorektor vurğuladı ki, biz Şuşa  şəhərinin azad olunacağına və şuşalıların öz doğma yurdlarına qayıdacaqlarına  inanırıq. Biz Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda Azərbaycan  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir və  onun əmri ilə silaha sarılıb işğalçıya qarşı döyüşə girməyə hazırıq.
Universitetin Tələbə Gənclər  Təşkilatının sədri Elvin Gülməmmədov, Ritorika Universal Klubunun rəhbəri Arzu  Nəbizadə çıxış edərək söylədilər ki, artıq Qarabağ problemi bir xalqın problemi  çərçivəsindən çıxaraq dünyanın qəlbində demokratiya hissi olan insanların  probleminə çevrilmişdir. Onu da qeyd etdilər ki, SDU-nun  professor-müəllim heyətinin qələmə aldığı  Qarabağ həqiqətlərini əks etdirən   kitabları, tədqiqat əsərlərini oxuyuruq və  universitetin saytında Qanlı yaddaş bölməsini  izləyirik.
Sonda  vurğulandı ki, bu cür tədbirlərin keçirilməsi biz tələbələrin və şagirdlərin  tarixi yaddaşını yeniləyir, dədə-baba yurdlarımızın azadlığı uğrunda bizi  mübarizə səsləyir.
Mətbuat xidməti
                
             