Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Ali məktəblərdə ana dilinin ixtisas fənni kimi onlayn tədrisi: təcrübə mübadiləsi” mövzusunda beynəlxalq onlayn debat keçirildi
Yerləşdirilmə tarixi : 05 May 2020 17:18
SDU-da “Ali məktəblərdə ana dilinin ixtisas fənni kimi onlayn tədrisi: təcrübə mübadiləsi” mövzusunda beynəlxalq onlayn debat keçirildi
Mayın 5-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşəbbüsü ilə “Ali məktəblərdə ana dilinin ixtisas fənni kimi onlayn tədrisi: təcrübə mübadiləsi” mövzusunda beynəlxalq onlayn debat keçirildi.
Debatda Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, İqtisad Universiteti, Gəncə Dövlət Universiteti və xarici ölkə universitetlərindən Türkiyənin Hacettepe Universiteti, Qazi Universiteti, Qazaxıstanın L.Qumilyov adına Milli Avrasiya Universiteti və Rusiyanın Qaraçay-Çərkəz Dövlət Universitetinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov açaraq, iştirakçıları salamladı. O, SDU-nun rektoru professor Elxan Hüseynovun salamlarını debat iştirakçılarına çatdıraraq qeyd etdi ki, rektor mövcud vəziyyətdə təqdim olunan mövzu ətrafında müzakirələrin aparılması və təcrübə mübadiləsinin zamanın ən aktual məsələsi olduğunu hesab edir və onlayn debatın gedişinə uğurlar arzulayır.
Professor debatın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, koronavirus pandemiyası səbəbindən bütün dünya ölkələrində karantin rejiminin tətbiqi ilə bağlı təhsil ocaqlarında tədris “Zoom”, “Microsoft Teams”, “Moodle”, “Whatsap” və s. müasir internet proqramlarından istifadə edilərək, onlayn rejimdə həyata keçirilir. Azərbaycan və xarici ölkə universitetlərində Ana dilinin ixtisas fənni kimi onlayn tədrisinin bugünkü vəziyyəti, uğurları və problemləri barədə təcrübə mübadiləsi beynəlxalq debatın əsas mövzusudur. Prof.Ramazan Məmmədov tədris prosesinin keyfiyyətini təmin edən amilləri önə çəkərək, təhsil proqramlarının məzmunu və strukturu, mütəxəssis hazırlığında innovativ yanaşmaların əhəmiyyəti və İKT-dən istifadənin müsbət nəticələri haqqında dərin və məzmunlu çıxış etdi.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva da iştirakçıları salamlayaraq, debatın işinə uğurlar arzuladı. Dekan çıxışında qeyd etdi ki, məlum səbəbdən bütün dünya ölkələrində karantin rejiminin tətbiqi ilə bağlı təhsil ocaqlarında tədris “Zoom”, “Microsoft Teams”, “Moodle”, “Whatsap” və s. müasir internet proqramlarından istifadə edilməklə, onlayn rejimdə həyata keçirilir. Universitetimizdə də bu sahədə hələ mart ayının ortalarından ilk addımlar atılmağa başladı. Dərslər dayandırıldıqdan sonra qısa müddət ərzində adı çəkilən platformalar vasitəsilə təhsilin hər iki səviyyəsi üzrə xüsusi cədvəllər əsasında onlayn dərslərə start verilmiş və bu iş indi də davam etdirilir. “Moodle”, “Microsoft Teams” proqramlarında tələbələr üçün bütün tədris-metodik materiallar, o cümlədən elektron mühazirə mətnləri, kollokvium və imtahan sualları yerləşdirilmişdir. Təbii ki, onlayn dərslərdə tələbələr də çox fəal iştirak edirlər. Bəzi tələbələr fasiləsiz internetə çıxışın, dərslərə qoşulmanı təmin edə biləcək elektron vasitələrin olmaması və s. səbəblərdən onlayn tədrisə qoşula bilməyiblər.
Daha sonra debatın moderatoru, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dos.Böyükxanım Eminli debat iştirakçılarını salamlayaraq, debatın əsas mövzusunu bir daha xatırlatdı. Bildirdi ki, karantin tətil deyil, boş vaxt da deyil. Karantin kütləvi tədbirləri məhdudlaşdırır, lakin təhsil prosesini məhdudlaşdırmır. Ona görə də təlim distant formatda davam etdirilir.
Debatın ilk məruzəçisi Türkiyənin Hacettepe Universitetinin professoru, SDU-nun Fəxri doktoru Haluk Şükrü Akalın çalışdığı universitetdə mövcud elektron sistem haqqında slaydlarla geniş məruzə etdi, auditoriyanın suallarını cavablandırdı. Dos.Sevinc Həmzəyeva Hacettepe Universitetindəki elektron sistem və bu sistemlə tədrisin təşkili ilə bağlı suallar verdi. Akalının məlumatları çox diqqətçəkən və maraqlı oldu. Ən maraqlı və xoş məqam isə SDU-nun Fəxri doktoru, professor H.Ş.Akalının onlayn auditoriya qarşısında özünü SDU-nun mantiyasında təqdim etməsi oldu. Bu, təbii ki, universitetimizə olan böyük hörmət və diqqət kimi dəyərləndirildi, universitet nümayəndələri tərəfindən ona xüsusi minnətdarlıq bildirildi.
Dünyanın bir neçə ali məktəbində dərs demiş və hazırda da onlayn dərslər tədris edən Türkiyənin Qazi Universitetinin professoru Necati Demir onlayn təhsil zamanı yaranan problemlərdən, tələbələrin onlayn dərslərdə iştirakındakı çətinliklərdən, eyni zamanda bu sahədəki dünya təcrübəsindən bəhs etdi.
Qazaxıstanın L.Qumilyov adına Miili Avrasiya Universitetinin professoru Şolpan Jarkınbekova işlədiyi universitetdəki onlayn tədris haqqında çox maraqlı slayd və təqdimatla çıxış etdi. Auditoriyanın suallarını cavablandıraraq, mövcud problemləri açıqladı.
Debat iştirakçılarından Rusiyanın Qaraçay-Çərkəz Dövlət Universitetinin dosenti Tatyana Xapçayeva, Bakı Dövlət Universitetinin Nitq mədəniyyəti kafedrasının müdiri professor İlhamə Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının baş müəllimi fil.f.d. Sevinc Qəmbərova da çıxışlarında çalışdıqları universitetlərdə aparılan onlayn tədris haqqında maraqlı məlumatlar verdilər.
İqtisad Universitetində distant təhsil sahəsində müəyyən qədər təcrübə olduğu üçün maraqlı məruzələrdən biri də həmin universitetin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosentləri: Aynur Qədimalıyeva və Çinarə Qəhrəmanovanın çıxışları oldu. Dos.Aynur Qədimalıyeva Azərbaycan və Avropadakı onlayn və distant təhsil sahəsindəki təcrübəsini paylaşaraq, hazırkı durumda mövcud proqram və sistemlərlə aparılan tədrisin keyfiyyəti barədə məruzə etdi.
İki saat davam edən debatda, təbii ki, mövzunu tam açıqlamaq və problemlərin həlli yollarını çözmək qeyri-mümkündür. Lakin mövcud dönəmdə onlayn təhsil sahəsindəki təcrübəni paylaşmaq və ümumi problemləri ortaya çıxarmaqla əldə olunan məlumat və biliklər gələcək təhsildə hamıya müəyyən qədər bələdçi olacaq.
Debatın sonunda bütün iştirakçılar hazırkı dönəmdə çox aktual olan mövzuda beynəlxalq debatın təşkilinə görə SDU-nun rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıqlarını bildirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az